GTMŞ-nın XIV Hesabat-Seçki Konfransı keçirilib FOTOLAR

GTMŞ-nın XIV Hesabat-Seçki Konfransı keçirilib FOTOLAR

Gənclər Təşkilatları Milli Şurasının XIV Hesabat-Seçki Konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə hökumət rəsmiləri, gənclər təşkilatlarının üzvləri və və KİV nümayəndələri iştirak edib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Tədbirin açılışını edən GTMŞ-nin sədri Şahin Seyidzadə Milli Şuranın qazandığı uğurlardan danışıb: "Bu gün GTMŞ üçün əlamətdar gtünlərdən biridir. Gənclər Təşkilatına 20 il ərzində yeni üzvlər gəlsə də, müxtəlif simalar dəyişilsə də, təşkilat yeganə və vahid prinsipə-dövlətçilik ənənələrinə xidmət edib.

2012-ci ilin sonunda "Gənclər Proqramı" çərçivəsində hazırlanan 3 illik strategiya Milli Şuranın fəaliyyətində əsaslı təkan oldu.

GTMŞ 2004-cü ilədək Məşvərət Şurasında təmsil olunub, uzun müddətdən sonra - 2014-cü ildən yenidən Şuraya üzv seçildi.

2014-cü ilin sonunda GTMŞ Dünya Gənclər Assambleyasına tamhüquqlu üzv kimi qəbul olunub. Ötən müddət ərzində Şura təkcə Azərbaycanda deyil, Avropada da tanınan təşkilata çevrilib. GTMŞ-nın üzvlərinin sayı dörd il müddətində 72-dən 114-ə çatıb. Bu, çox böyük uğurdur. Bütün bu nailiyyətləri əldə edərkən daim dövlətin, ölkə başçısı cənab İlham Əliyevin dəstəyini və etimadını gördük.

Ümid edirəm ki, qazanılan uğurlar davamlı olacaq".

O, Şuranın uğurlu fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, gənclər və idman naziri Azad Rəhimova təşəkkür edib.

Daha sonra Milli Şuranın bir qism üzvləri Fəxri Fərmanla təltif olunub.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov bildirib ki, ölkədə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən 3000-ə yaxın qeyri-hökumət təşkilatının 300-ü gənclər təşkilatıdır: "Bu, çox böyük nailiyyətdir. GTMŞ ölkənin ən böyük gənclər platformasıdır. Beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edən Milli Şura 1997-ci ildə Avropa Gənclər Forumunun üzvü olub. Təşkilat öz fəaliyyətində gənclərin bilik və bacarığını Azərbaycanın dövlət müstəqilliyi yolunda möhkəmlənməsini, ölkənin beynəlxalq aləmdə layiqli yer tutmasını, demokratik dövlət quruculuğu işlərinə yönəltməsini özünün istiqaməti seçib. Biz də GTMŞ-na gələcək fəaliyyətində uğurlar arzulayırıq".

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev GTMŞ-nın Azərbaycan gəncliyinə və dövlətçiliyinə xidmət etdiyini vurğulayıb: "GTMŞ 112 gənclər təşkilatını, minlərlə gənci öz ətrafında birləşdirən konfederativ qurum kimi, Azərbaycanın ən böyük gənclər platformasıdır.

Bu gün ölkəmizin beynəlxalq arenada tanıdılması, təbliğ olunması üçün hər cür şərait yaradılıb. GTMŞ daim bu istiqamətdə öz fəallığını nümayiş etdirib".

Ölkədə fəaliyyət göstərən digər təşkilatların nümayəndələri çıxış edərək Milli Şuranın qazandığı uğurlardan danışıb.

Tədbirin ikinci hissəsində (sədr, sədr müavinləri, Mərkəzi Nəzarət Təftiş Komitəsi və İdarə Heyətinin üzvləri) seçkilər keçirilib. Nəticədə, Milli Şuranın baş katibi Seymur Hüseynov Təşkilatın yeni sədri seçilib.

Fotolar: Cəlil Rəcəbli

Bütün xəbərlər Facebook səhifəmizdə