Bu gün ailə problemləri təkcə Azərbaycanın yox, bütün dünyanın ən böyük problemlərindən biridir. Ailələrin xoşbəxt, mehriban yaşaması, bir-birinə can deyib, can eşitməsi, dağılmaması üçün çoxlu institutlar, qurumlar işləyir. Hətta Azərbaycanda və dünyanın çoxlu ölkələrində bu işlə məşğul olan komitələr də var. Baxmayaraq ki, bu təşkilatlar hamısı işləyir, hamısı nə isə etmək istəyir, amma nəticəsi az olur. Bunun da əsas səbəbi ağsaqqalların, müdrik insanların ailə ilə bağlı ağıllı məsləhətlərinin, nəsihətlərinin layiqicə təbliğ olunmaması və uzun illər bir yastığa baş qoyan, xoşbəxt olan ailələrin həyatı haqqında Kütləvi İnformasiya Vasitələrində yazıların az yazılması, televiziyada, radioda demək olar ki, layiqincə təbliğ olunmamalarıdır. Televiziyalar və qəzetlər əsasən sensasiya xatirinə müğənnilərlə bağlı şou xəbərləri, kimlərinsə kimləri söyməsini, təhqir etməsini, hansı müğənninin neçənci dəfə ərə getməsini, məşuqunun ona ev, maşın bağışlamasını gen-bol təbliğ edirlər. Bununla da onlar, elə bil bilərəkdən ehtiyac içində yaşayan cavan ailələrin dağılmasına şərait yaradırlar…
Yadımıza salaq. Keçmışlərdə ailələrin xoşbəxt yaşaması ilə bağlı heç bir inistitut, komitə yox idi. Adicə bir kəndin, bir mahalın ağsaqqalının sözü, ağıllı məsləhəti hamı üçün qanun idi. Ona qulaq asmaqla bütün ailələr də xoşbəxt, mehriban yaşayırdılar…
Əgər biz istəyirik ki, övladlarımız, cavan nəslimiz xoşbəxt olsun, onda uzun illər bir yerdə yaşayıb xoşbəxt olan ailələri layiqincə təbliğ etməli, onların həyatını cavanların özlərinə örnək etməsinə çalışmalıyıq.
Bu gün mən sizə belə bir xoşbəxt azərbaycanlı ailəsi haqqında danışacam. Çoxminli oxucularımızı da belə bir xoşbəxt ailə ilə yaxından tanış edəcəm. Yəqin ki, onların həyatı cavan ailə quranlar üçün bir örnək olacaq. Bu, Sumqayıt şəhərində yaşayan və ailə qurmasının may ayının 30-da 35 illi tamam olan Rzayevlər ailəsidir. Çox sadə bir şəraitdə yaşayan, həyatda böyük çətinliklər görən bu ailə öz mehribanlığına, birliyinə və bütün ailə üzvlərinin yarım sözdən bir-birini başa düşməsinə görə hər çətinliyə sinə gəriblər. Bu gün bütün qonşular da onları xoşbəxt ailə kimi tanıyır və böyük hörmətlə yanaşırlar. Əlbəttə ki, bu işdə İsrailin və onun həyat yoldaşı Ceyran xanımın əməyi çox olub. Çünki onların bir-birini yarım sözdən başa düşməsi, bir-birinə hörmətlə yanaşmalarının nəticəsində övladlarını da bu ruhda tərbiyə ediblər. Ona görə də övladları da bu estafeti uğurla davam etdiriblər. Bu gün onların dörd qızı da öz ailələri ilə çox xöşbəxt yaşayırlar. Sözlərimin bu yerində ilk öncə bu ailənin başçısı, evdə hamının ailənin əsas sütunu hesab etdikləri İsrail Rzayevlə çoxminli oxucularımızı yaxından tanış etmək istəyirəm.
Qısa arayış: İsrail Rəsul oğlu Rzayev 1958-ci ilin fevral ayının 27-də Masallı rayonunun Musakücə kəndində anadan olub. 1973-cü ildə Musakücə kənd məktəbinin 8-ci sinifini bitirəndən sonra Sumqayıt şəhərinə gəlib 44 nömrəli texniki-peşə məktəbinə daxil olub. Bir il burada təhsil alandan sonra rəngsaz kimi taleyini Sumqayıt şəhəri ilə bağlayan İsraıl, 1 nömrəli Trestin 17 nömrəli tikinti idarəsində 1974-cü ilin sentyabr ayından əmək fəaliyyətinə başlayıb. 1985-ci ilə qədər bu tikinti idarəsində işləyib. Burada işlədiyi vaxt onu ən yaxşı işçi kimi 1978-80-ci illərdə Moskvaya Olompiada tikintisində işləmək üşün göndəriblər. Orada da böyük uğurla çalışıb. Sonra İsrail taleyini "Az.Termoizol" Açıq Səhmdar Cəmiyyəti ilə bağlayıb. Bu təşkilatın yaradıcısı, beynəlxalq səviyyəli böyük işlər görən məşhur Sokrat mükafatı və Qazıl medalı laureatı Şakir Rəfi oğlu Həsənovun rəhbərliyi ilə İsraıl Rzayev çoxlu xarici ölkələrdə işləyib. Özünün yaxşı işi ilə 30 ildən çox çalışdığı bu kollektivə həmişə baş ucalığı gətirib. İndi isə hal-hazırda Sanqaçalda BPİ Şirkətinin "AzFen" təşkilatında "Şahdəniz-2" layihəsində sürücü işləyir. Özünün tərbiyəsinə, yüksək mədəniyyətinə, böyük-kiçik yeri bildiyinə görə İsrailə hamı "Hacı", "Kərbəlayi"- deyə müraciət edir. Baxmayaraq ki, İsrail nə Həcc, nə də Kərbəla ziyarətlərində olmayıb. Amma bu adları insanlara xoş münasibəti, yaxşı diqqəti ilə qazanıb.
Onu 40 ilə yaxın bir müddətdə taniyan, beynəlxalq "Sokrat mükafatı" və "Qızıl medalı laureatı" Şakir Həsənov İsraıl Razayevlə bağlı bu sözləri dedi:
- İsraili 1-ci Trestin 17 nömrəli tikinti idarəsində işləyən vaxtdan tanıyıram. Onu yaxşı mütəxəssis olduğuna görə Moskvaya Olimpiada ilə bağlı tikintilərdə işləmək üçün göndərmişdilər. Oradan yaxşı mütəxəss-sənətkar kimi Azərbaycana qayıtdı. Mən 1987-ci ildə Sumqayıt İstilik İzolyasiya idarəsinə rəis təyin olunanda, İsraili öz yanıma işə dəvət etdim. Elə həmin gündən bu günə kimi də mənimlə birlikdə işləyir. Bütün bu illərdə o, mənim müşavirim kimi fəaliyyət göstərir. İşimizlə bağlı bütün çətin məsələlərdə, ağır, beynəlxalq səviyyəli layihələrdə mənimlə birlikdə iştirak edir. Gecə-gündüz işlərimizin qurulmasında çox iş görür. O, çox yaxşı ailə başçısıdır. Çox böyük müdrikliklə, səbrlə övladlarını böyüdüb və onlara yaxşı tərbiyə verib. Oğlu Məhəmmədin həyata gəlməsinin də maraqlı tarixçəsi var. Mənin anam Xatun xanım Masallıda çox ağır seyidin qızıdır. Onların evi Masallı rayonunun Şatroba kəndində müqəddəs ocaq sayılır. Cənub bölgəsindən hər gün çoxlu insanlar həmin ocağa pənah gətirirlər. İsrailin dörd qızı vardı. O, çox istəyirdi ki, oğlu da olsun. Biz İsraillə Masallıya bizim evə getmişdik. Anam ondan soruşdu ki, neçə övladın var? İsrail dedi ki, dörd qızım var. Anam onun sifətinə diqqətlə baxıb belə dedi: "Gələn il bu vaxtı sənin bir oğlun olacaq. Adını da artıq Məhəmməd qoyuram. Gələn il bu vaxtı sən oğlun qucağında mənim yanıma gələcəksən. Mənə də nəmər kimi bir kiloqram konfet gətirərsən". Doğrudan da anam deyən kimi oldu. İsrail bir ildən sonra oğlu Məhəmmədlə anamın yanına getdi. Anam Xatun Sumqayıta gələndə çox vaxt bizdə yox, İsrailgildə qalırdı. Çünki İsraili heç də məndən az istəmirdi.
Budur. Mən İsraılla qarşı-qarşıya oturub söhbət edirəm. Ona ilk sualım belə olur.
- İsrail, belə deyirlər ki, may ayında ailə quranların ailə taleyi heç də yaxşı olmur. Buna sən nə deyisən?
- Mən buna çox pis münasibət bəsləyirəm. Məni tanıyanlar bilir ki, 1981-ci ilin may ayının 30-da həyat yoldaşım Ceyran xanımla ailə həyatı qurmağımızın 35 illiyi tamam olur. Amma sizə müsahibə verdiyim bu gün, yəni may ayının 21-də qız toyu olub. Biz bu illərdə həyatın bütün çətinliklərinə bir yerdə sinə gərmişik. Beş övlad böyütmüşük. Baxmayaraq ki, biz həyat yoldaşımla ali təhsil almamışıq, amma beş övladımızın hamısı ali təhsillidir. Mən də, həyat yoldaşım da övladlarımızla nəfəs alırıq. Özümüzü dünyanın ən xoşbəxt insanlarından sayırıq ki, belə ağıllı övladlar böyütmüşük. Həyat yoldaşımla aramızda heç vaxt inçiklik olmayıb.
- Övladların haqqında bir qədər geniş məlumat ver.
- Böyük qızım İradə tibb sahəsində çalışır. Hal-hazırda Sumqayıtdakı "Real-Med"də işləyir. İkinci qızım Aygün Pedaqoji Universiteti bitirib. Sumqayıtdakı 14 nömrəli məktəbdə ədəbiyyat fənnindən dərs deyir. Üçüncü qızım Sevanə də müəllimədir. Amma işləmir. Hal-hazırda həyat yoldaşı ilə İsveçdə yaşayır. Dördüncü qızım Aysel Texlonogiya üzrə ali təhsil alıb. Abşeron Telekommunukasiya İdarəsində işləyir. Onların dördü da ailəlidir. Üç qızımın da birincinin bu il ailə qurmasının 15 ili, ikincinin 10 ili və üçüncünün 5 ili tamam olur. Artıq altı nəvəm var. Yeddinci nəvəmizi səbirsizliklə gözləyirik. Oğlum Məhəmməd Rəsulzadə İqtisadiyyat Universitetində üçüncü kursda oxuyur. Övladlarımdan çox razıyam. Mən həyatda çox əziyyət çəkmişəm. Ona görə də çalışıram və əlmdən gələni eləyirım ki, övladlarım heç bir əziyyət çəkməsinlər.
- Deyirsən ki, may ayının 30-da ailə həyatı qurmağının 35 ili tamam olur. Artıq geridə qalan bu illəri necə yadına salırsan?
- Mən kasıb ailədə anadan olmuşam. Çox çətinliklər görmüşəm. Ona görə də bütün bu illərdə çalışmışam ki, ailəm və uşaqlarım korluq çəkməsinlər. Ailəmizdə maddi çətinlik olanda da həyat yoldaşım bunu heç vaxt büruzə verməyib. Həmişə evdə mehribançılığı qoruyub saxlayıb. Bizim evdə heç vaxt konfliktlərə səbəb olan söz-söhbət olmayıb. Bu da ondan yaranıb ki, biz həyat yoldaşımla həmişə bir-birimizi başa düşmüşük. Ona görə də cavan ailələrə məsləhətim budur ki, bir-birini başa düşsünlər. Bir-birini bağışlamağı bacarsınlar. Heç nəyə görə evdə qan-qaraçılıq yaratmasınlar. Belə olanda nəyinki ailə həyatı qurmağın 35 illiyini, hətta 50 illiyi və daha çox illəri də qeyd etmək olar. İmam Əmirəlmömin əleyhissəlam deyib ki, "qəzəblənmə. Çünki qəzəbin əvvəli dəlilik, sonu isə peşmançılıqdır. Qəzəb öz sahibinin eybini açır və ətrafdakıların ona inamını azaldır". Qaldı may ayında ailə qurmaq da heç nəyə dəlaləti eləmir. Əsas odur ki, ər-arvad bir-birini başa düşsünlər. Mən iş yerində də cavan ailə quranlarla söhbət eləyib onlara bir ata, bir cavan baba və bir böyük kimi məsləhətlər verirəm. Hətta subaylara da başa salıram ki, ailə quranda nələrə daha çox fikir versinlər. Yəqin buna görə də iş yerimdə hamı mənə Hacı, Kərbəlayi deyir. Bu il məqsədim var ki, həyat yoldaşımla Kərbəla ziyarətinə gedim.
- Sənin çox səmimi, etibarlı dostların var. Hətta siz bir-birinizlə ailəlikcə dostluq edirsiniz.
- Bəli. Mənim bir neçə sadiq dostlarım var ki, onlarla uzun illərdir dostluq edirik. Bizim bu dostluğumuz həyat yoldaşlarımız və övladlarım arasında da davam eləyir. Biz ən çətin vaxtda bir-birimizə arxa-dayaq oluruq. Mən bu dostlarımın adını çəkmək istəyirəm. Faiq Məmişov, Azər Şahməmmədov, Tofiq Məmişov, İsmayıl Quliyev və Məsləhət Mehrəliyev. Artıq onlardan da bəziləri ailə qurmaqlarının 30-35 illiyini qeyd etməyə hazırlaşırlar. Atalarımız dostla, dostluqla bağlı çoxlu nəsihətamiz məsələləri bizim üçün yadigar qoyub gediblər. Bax bu atalar sözlərini biz öz aramızda tez-tez təkrar edirik: " Dost min isə-azdır, düşmən bir isə çoxdur". "Dostluq həyat vəsiqəsidir". "Dostsuz insan-qanadsız quşdur". "Dostun yoxsa axtar, tapdın-qoru". Mənim texniki peşə məktəbində oxuyanda da dostluq etmək istədiyim adamlar oub. Amma onlar mənimlə dostluq etmək istəməyiblər. İndi məni görəndə peşiman olduqlarını səmimi etiraf edirlər. Çünki mən onlara ağıllı, xeyirli məsləhətlər vermək istəyirdim. Amma onlar bu məsləhətlərə qulaq asmamaq üçün məndən uzaqlaşdılar. Həyatda başları daşdan-daşa dəydi. Çoxu heç xoşbəxt ailə də qura bilmədilər... İndi görüşəndə bunu səmimi etiraf edirlər. Mən də zarafatla onlara bu atalar sözünü deyirəm: "Ağıllı dostunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə". Ona görə də ağıl həyatda insana sərmayədir. Ağılı olan adam, öz ailəsini də, övladlarını da yaxşı və xoşbəxt saxlayar. Dostluğa isə həmişə sadiq olar.
Ağalar İDRİSOĞLU
Əməkdar İncəsənət Xadimi



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB