“Zərdabi Mətbuat Mərkəzi” İB Gəncədə tələbələrlə görüş keçirdi

“Zərdabi Mətbuat Mərkəzi” İB Gəncədə tələbələrlə görüş keçirdi

Mayın 20-də Gəncədə "Jurnalistika dəyərləri və demokratik cəmiyyət quruculuğu" mövzusunda tələbə-gənclərlə görüş keçirilib. Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baş tutmuş tədbir "Zərdabi Mətbuat Mərkəzi" İB-nin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı "Jurnalistikanın təbliği istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi" layihəsi çərçivəsindəki ilk toplantı olub.

ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov görüşü açaraq təmsil olunduğu ali məktəbin Gəncənin ictimai həyatındakı rolundan danışıb. O, universitetin məzunları içərisində media fəaliyyəti ilə məşğul olanların da üstünlük təşkil etdiyini vurğulayıb, təhsil müəssisəsinin jurnalistikaya yaxınlığını əsaslandırıb. A.Hətəmov "Zərdabi Mətbuat Mərkəzi" İB-nin reallaşdırdığı layihənin tələbələrin gələcək təhsil imkanlarını nəzərdən keçirmələrinə dəstək baxımından əhəmiyyət daşıdığını bildirib.

"Zərdabi Mətbuat Mərkəzi" İB-nin sədri Rəhim Hüseynzadə rəhbərli olduğu layihənin məqsəd və vəzifələri barədə məlumat verib. O bildirib ki, 2014-cü ildən başlayaraq ali məktəblərin jurnalistika fakultələrinə qəbulda qabiliyyət testi tətbiq edilir. "Jurnalistikanın ixtisaslaşması üçün hazırda humanitar sahənin bakalavrları ilə yanaşı digər ixtisas qruplarını bitirənlərin də magistr pilləsində jurnalistikanı seçmələrinə imkan yaradılıb. Layihəmiz bu imkan barədə tələbə-gəncləri məlumatlandırmaq məqsədi daşıyır. İstəyimiz budur ki, bakalavr pilləsində təhsil alan tələbələrin jurnalistika ixtisasına marağını artıraq, onların jurnalistika fakultələrinin magistr pilləsində təhsillərini davam etdirmələrini stimullaşdıraq. Azərbaycan Dövlət Aqrar Universitetindəki görüş sayca birinci tədbirimizdir. Digər bölgələrdəki, o cümlədən paytaxtdakı ali təhsil ocaqlarında belə görüşlərimiz olacaq", - deyən R.Hüseynzadə toplantı iştirakçılarını müzakirələrdə aktiv olmağa çağırıb.

Layihənin eksperti, "Mingəçevir işıqları" qəzetinin baş redaktoru Fərman Nəbiyevin Azərbaycan mətbuatının tarixindən, müasir dövrdəki inkişaf xüsusiyyətlərindən, qloballaşma dövründə medianın funksiya və vəzifələrindən, həmçinin ənənəvi mediadan onlayan mediaya keçid müstəvisində meydana çıxan xarakterik vəziyyətlərlə bağlı hazırladığı təqdimat maraqla qarşılanıb. O çıxışında həmçinin bildirib ki, Azərbaycanın media orqanlarında çalışan bir çox şəxslər ixtisasca jurnalist deyillər. Belələri müəyyən vaxt sərf edərək peşənin sirlərinə yiyələniblər: "Təbii ki, yazı qabiliyyətinin olması da şərtdir. Hazırkı imkan var ki, yazı qabiliyyəti olan bakalavr tələbələr magistr kimi təhsillərini jurnalistika sahəsində davam etdirsinlər. Bu yolla humanitar sahəyə aid olmayan şəxslərin də jurnalist kimi özlərini sınamalarına, peşənin incəliklərinə daha yaxından bələd olmalarına gözəl şərait yaranıb".

Toplantıda çıxış edənlərdən ADAU-nun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli, "Aqrar mütəxəssis" qəzetinin baş redaktoru Maarif Rzayev, "Azərfaks" İnformasiya Agentliyinin əməkdaşı Məqsəd

Rəhimov, "Novosti Qyanjı" qəzetinin əməkdaşı Mahir İsyaev, "Ruzigar" qəzetinin baş redaktoru Füzuli Ruzigar, ADAU-nun Həmkarlar İttifaqının sədr müavini Sadiq Əlizadə və başqaları mövzunun əhəmiyyətinə toxunaraq ümumən jurnalistikanın ictimai həyatdakı rolundan bəhs ediblər. Aktiv müzakirələr şəraitində keçən görüşdə tələbələrə əsasən internet media və sosial şəbəkələrin fəaliyyəti, mövcud sahədəki beynəlxalq təcrübənin xarakterik xüsusiyyətləri, Azərbaycanda mediaya dövlət dəstəyinin istiqamətləri barədə də ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə