“QHT-lər “Metsamor” əleyhinə Koalisiyanın yaradılmasında fəal olmalıdır” MÜNASİBƏT
"Metsamor AES-in doğurduğu təhlükə yalnız Ermənistanın deyil, bütün regionun vətəndaş cəmiyyəti institutlarını, beynəlxalq təşkilatları hərəkətə gətirməli və rəsmi İrəvandan təsirli addımların atılması tələb olunmalıdır". Bu fikirləri SİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri, "Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin sədri Elməddin Behbud Metsamor AES-in əleyhinə QHT-lərin beynəlxalq Koalisiyasının yaradılması təklifinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, QHT-lərin beynəlxalq Koalisiyasının yaradılması təklifi çox faydalı və həyata keçirilməsi son dərəcə zəruri olan məsələdir: "Xüsusi ilə vətəndaş cəmiyyəti institutlarının daha çox inkişaf etdiyi Türkiyə və Gürcüstanın QHT-ləri bu məsələyə münasibət bildirməli və koalisiyanın yaradılmasında fəal iştirak etməlidirlər. AES-lərin mövcud olduğu və bu sahədə xeyli təcrübəyə malik olan İran da artıq istismar müddəti bitmiş Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün Ermənistana təzyiq göstərməlidir. Biz əl-ələ verib, güclərimizi səfər edib növbəti "Çernobıl", "Fukusima-1" faciəsinin təkrarlanmasına imkan verməməliyik. Uzun illərdir heç bir yenilənmə işləri aparılmayan Metsamor AES-də ciddi qəza baş verəcəyi təqdirdə Ermənistanın özü ilə bərabər, azı ətraf 4 ölkə üçün böyük fəlakət yaradacaq. Milyonlarla insan nüvə qəzasının yaratdığı fəsadlarla üz-üzə qalacaq. Unutmamalıyıq ki, regionda böyük miqyaslı fəlakət baş verəcəyi halda bu bütün dünyanın faciəsinə çevriləcək, onun ağır nəticələrinə bütün dünya qatlaşmalı olacaq".
Metsamor AES-də indiyədək 106 qəzanın baş verdiyini deyən E. Behbud söyləyib ki, ancaq enerji ehtiyaclarını qarşılamaq üçün alternativi olmadığından Ermənistan bu günədək AES-i bağlamaqdan imtina edir: "Metsamor AES-in nüvə tullanlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində basdırılması haqqında faktlar da mövcuddur. Eyni zamanda AES-ə məxsus radioaktiv maddələrin satılması ilə bağlı da çoxsaylı məlumatlar var. Bu cür nüvə materiallarının bütün dünyanı terror aksiyaları ilə hədələyən, qlobal təhlükəsizliyi ciddi şəkildə təhdid olan İŞİD, Əl-Qaidə və digər bu kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə üzləşə biləcəklərimizi təsəvvür etmək o qədər də çətin deyil. "Metsamor"un hazırda təhlükəli vəziyyətdə olan və işləyən 2 enerji blokunun nəzərdə tutulan istismar resursu artıq tam tükənib. Bir çox beynəlxalq ekspertlər bəyan ediblər ki, elektrik enerjisi hasilatından bundan sonra da istifadə edilməsi stansiyanı Çernobıl AES-də, yaxud "Fukusima-1" AES-də baş vermiş qəzalara bənzər texnogen fəlakət həddinə yaxınlaşdırır".
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev "Metsamor AES əleyhinə Beynəlxalq QHT Koalisiyası" yaradılması təklifi ilə çıxış etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB