Gəncə tarixin canlı səhifələrinin şahidi oldu FOTOLAR

Gəncə tarixin canlı səhifələrinin şahidi oldu FOTOLAR

Gənclər və İdman Nazirliyi tərəfindən, Dövlət Sərhəd Xidməti və Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə Gəncə şəhərində "Tarixin canlı səhifələri" IV Gənclər festivalı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Gəncə şəhəri "Yeni qızılca" ərazisində baş tutan tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları və digər rəsmilər iştirak ediblər.

400 nəfər aktyor, tələbə, idmançının iştirak etdiyi festivalda Babək, Cahan Pəhləvan Qara Yusif və Cavad xan canlandırılaraq, onların keçdiyi qəhrəmanlıq yolu və şücaətləri göz önünə gətirilib. Ümumilikdə iki saata yaxın davam edən festivalda xüsusi hazırlanmış dekorasiya və səhnə, iştirakçıların əvəzsiz oyunu tamaşaçıları bir daha qəhrəmanlar dünyasına səyahətə aparıb.

Festivalın keçirilməsində məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb və döyüş tarixini gənclərə əyani olaraq çatdırmaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Gəncə şəhərinin "2016-cı il Avropa gənclər paytaxtı" seçilməsi ilə əlaqədar tədbirlər haqqında 24 fevral 2016-cı il tarixli Sərəncam imzalanıb.

Festival Sərəncamdan irəli gələn vəzifələri icra etmək məqsədilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanmış Tədbirlər Planına müvafiq olaraq təşkil olunub.

Məlumat üçün qeyd edək ki, "Tarixin canlı səhifələri" adlı festival 2014-cü ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə