DİN KİV nümayəndələri üçün seminar keçirir

DİN KİV nümayəndələri üçün seminar keçirir

Bu gün Daxili İşlər Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrinin əməkdaşları üçün "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 13.9.5-ci yarımbəndinə əsasən insan alverinin və qanunsuz miqrasiyanın mahiyyətinə dair seminar keçirilir. SİA-nın xəbərinə görə, seminarda Azərbaycan Respublikasının Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidmətinin və Mətbuat Şurasının nümayəndələri iştirak edir.

Seminarda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov - "İnsan alverinə qarşı mübarizə fəaliyyəti, onun təşkilati və hüquqi əsasları", Dövlət Miqrasiya Xidmətinin Miqrasiyaya Nəzarət Baş İdarəsinin şöbə rəisi Qüdrət Məmmədov "Azərbaycan Respublikasında qanunsuz miqrasiyaya qarşı mübarizə fəaliyyəti", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova "İnsan alveri və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsi üzrə sosial fəaliyyət", Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat Şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə "İnsan alveri və qanunsuz miqrasiyaya qarşı mübarizədə Dövlət Komitəsinin rolu", Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli "İnsan alveri və qanunsuz miqrasiya, eləcə də belə hallara qarşı mübarizəyə dair məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılması xüsusiyyətləri" mövzusunda çıxış edəcək, eləcə də media nümayəndələrinin sualları cavablandırılacaq.

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə