“WorldFood Azerbaijan" və "CaspianAgro" sərgilərinin açılışı olub

“WorldFood Azerbaijan" və "CaspianAgro" sərgilərinin açılışı olub

Mayın 19-da Bakı Ekspo Mərkəzində XXII Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2016" və X Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2016" sərgilərinin açılışı olub.

SİA-nın məlumatına görə, açılışda çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanda istehsal olunan ərzaq məhsullarını tanıtmaq baxımından sərgilərin əhəmiyyətini qeyd edib. Bildirib ki, sərgidə Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin məhsulları və texnologiyaları nümayiş olunur.

"Bu sərgilər vasitəsilə şirkətlər arasında əlaqələr qurulur, xarici tərəfdaşlar seçilir və qeyri-neft sektorunun inkişafı üçün inamlı addımlar atılır. Sərgidə dünyanın 34 ölkəsindən 313 şirkət iştirak edir", - deyə nazir H.Əsədov vurğulayıb.

Builki "WorldFood Azerbaijan" və "CaspianAgro" sərgilərində Azərbaycan, Belarus, Almaniya, Hindistan, İspaniya, İtaliya, Qazaxıstan, Litva, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çexiya və digər ölkələrin şirkətləri öz məhsullarını təqdim edir.

"WorldFood Azerbaijan" və "CaspianAgro" sərgiləri mayın 21-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə