Sahibə Qafarova: "Azərbaycan tarixi ənənələrinə sadiqlik nümayiş etdirir"
Dünən İsveçin paytaxtı Stokolhmda Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova da iştirak edib.
Komitə sədri müzakirə olunan məsələlərlə bağlı çıxış edib. O qeyd edib ki, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində əsas yönlədirici beynəlxalq sənədlər hesab olunur: "Beynəlxalq sənədlərdə fikir, vicdan, din və əqidə azadlığı, qadınların vəziyyətinin yaxşılaşdırılması və imkanlarının genişləndirilməsi, qadınların və kişilərin mənəvi, etik, ruhi və intelektual tələblərinin fərdi və ya başqaları ilə birlikdə təmin olunması, bunun vasitəsi ilə onlara öz şəxsi arzularına uyğun həyatlarını formalaşdırarkən cəmiyyətdə potensiallarını tam həyata keçirmələri üçün şəraitin yaradılması öz əksini tapıb. Ancaq çox təəssüflər olsun ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar bir çox hallarda real bərabər imkanların olmaması üzündən gerçəkləşə bilmir. Ümumdünya insan haqları təşkilatlarının apardıqları araşdırmalar və əldə olunan statistikalar da qadınların böyük bir hissəsinin bu və ya başqa formalarda hüquqlarının pozulduğu, zorakılığa və təzyiqlərə məruz qalması faktlarını ortaya qoyur".
Diskriminasiyanın qarşısının alınması və bərabər imkanların təmin olunması istiqamətində Azərbaycan dövlətinin əldə etdiyi uğurları diqqətə çatdıran S.Qafarovanın sözlərinə görə, ölkəmizin bu sahədə təcrübəsi bir sıra dövlətlər üçün də uğurlu bir seçim ola bilər. O, xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk demokratik respublikadır: "Bu gün də Azərbaycan tarixi ənənələrinə sadiqlik nümayiş etdirir və gender bərabərliyinin təmin olunması yönündə geniş tədbirlər reallaşdırır. Buna misal olaraq, Ailə Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin uğurlu fəaliyyətini, Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin yaradılmasını, ölkəmizin bu sahədə zəngin qanunvericilik bazasını və digər məqamları göstərmək olar".
Komitə sədri deyib ki, qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarını təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialından səmərəli faydalanılması kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB