Şəhid əsgərimiz Lerikdə torpağa tapşırılıb

Şəhid əsgərimiz Lerikdə torpağa tapşırılıb

Ermənistanın silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Natiq Namiq oğlu Tahirli bu gün dəfn edilib. SİA-nın məlumatına görə, şəhid əsgərimiz ata-baba yurdu olan Lerik rayonunun Almu kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Lerik rayonun icra strukturlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinin əməkdaşları, N saylı hərbi hissənin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

Mərasimində çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin üzvü İqbal Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi – qazi Hacı Sədi Axundzadə və digərləri şəhid Natiq TahirlininVətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu, adının həmişə ürəklərdə yaşayacağını bildirərək, onun ailəsinə dərin hüznlə başsağlığı veriblər.

Sonra şəhidin əmisi Kamil Tahirov çıxış edərək, orpaqlarımızın müdafiəsi zamanı şəhid olan Namiqlə ailə üzvlərinin qürur duyduğunu, onlara göstərilən diqqətə görə ölkə başçısına, Müdafiə Nazirliyi və rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Şəhid N.Tahirli əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin atasına təqdim edilib.

Mərasim iştirakçıları kənd qəbirstanlığını "Şəhidlər ölməz, Vətən bölünməz!" nidaları ilə tərk ediblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə