"İƏT Model-Azərbaycan"ın yekununa dair mərasim keçirilib FOTOLAR

"İƏT Model-Azərbaycan"ın yekununa dair mərasim keçirilib FOTOLAR

İslam Konfransı Gənclər Forumunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin dəstəyi ilə "İslam Əməkdaşlıq Təşkilatı Modeli-Beynəlxalq Münasibətlər Akademiyası" proqramı çərçivəsində "İƏT Model-Azərbaycan" adlı milli mərhələnin yekunu və qaliblərin mükafatlandırma mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri, diplomatik korpusun nümayəndələri, ali təhsil müəssisələri rəhbərləri, ictimai xadimlər, həmçinin, bu ilki proqramın məzunları olan 200-ə yaxın tələbə iştirak ediblər.

Öncə "İƏT Modeli-Beynəlxalq Münasibətlər Akademiyası" proqramının Azərbaycandakı bu ilki gedişat və nəticələrini əks etdirən video-çarx nümayiş olunub.

Tədbirdə çıxış edən İƏT Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov layihənin məqsəd və vəzifələri, layihənin həyata keçirildiyi müddətdə əldə etdiyi uğurları, beynəlxalq səviyyədə qazanılan əlaqələri, bu proqramda Azərbaycanın mühüm rolu haqqında danışıb. O bildirib ki, ötən altı il ərzində layihə çərçivəsində İƏT ölkələrində təşkil olunan təlim və tədbirlərdə 18 mindən artıq tələbə iştirak edib, bunların 800-dən çoxu və ən aktivləri məhz, Azərbaycan gəncləri olub: "Layihənin icrası ilk dəfə 2011-ci ildə Azərbaycanda gerçəkləşib. Hazırda bu təhsil proqramı İƏT-ə üzv olan 40-a yaxın ölkədə də həyata keçirilir. Layihə çərçivəsində Tatarıstanda, Türkiyədə və Malayziyada üç qlobal sammit gerçəkləşib. Bu ilki sammitə İran İslam Respublikasında baş tutur. Layihənin 2017-ci ildə keçiriləcək olan qlobal sammitinə isə Azərbaycan ev sahibliyi edəcək".

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev çıxışında layihənin gənclərin beynəlxalq əməkdaşlığına mühüm töhfə verdiyini və istedadlı gənclərin üzə çıxarılmasında yüksək əhəmiyyətə malik olduğunu, onların vasitəsilə Azərbaycanın dünyada tanıdılmasında nailiyyətlər əldə edildiyini vurğulayıb: ""İƏT Model-Beynəlxalq Münasibətlər Akademiyası" İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə təsis edilmiş beynəlxalq təhsil proqramıdır. Proqramın məqsədi aparıcı universitetlərin tələbələrini islam dünyasında cərəyan edən hadisələrin bir hissəsinə çevirməkdir.

Layihəyə qatılan gənclər 7 həftə ərzində İƏT arealı ölkələrinin siyasi, mədəni, iqtisadi problemlərinə, qlobal strategiyalar və beynəlxalq münasibətlərə həsr olunmuş seriya mühazirələr dinləyib, İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfir və diplomatik missiya nümayəndələri ilə görüşlərdə iştirak edib, beynəlxalq münasibətlərin bir çox aspektləri ilə praktiki və yaxından tanış olublar".

Mərasimdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu layihənin İƏT arealında gənc liderlərin formalaşmasında, gələcəyin savadlı kadrlarının yetişməsində, həmçinin, beynəlxalq əməkdaşlığın inkişafında oynadığı rolu xüsusi qeyd edib.

Çıxış edən Fələstinin Azərbaycandakı səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasında, inkişaf etmiş, sağlam cəmiyyətin və işıqlı gələcəyin formalaşmasında gənclərin üzərinə böyük yük düşdüyünü bildirib: "Çox təəssüf ki, bu gün biz terrorizm, zorakılıq, ekstremizm kimi bəşəri problemlərin hakim olduğu dünyada yaşayırıq. Bu baxımdan, cəmiyyətin mütərəqqi ideyalı, savadlı gənc nəslə ehtiyacı var. Bunu formalaşdırmaq üçün isə haqqında danışılan layihə mühüm əhəmiyyətə malikdir. Ümid edirəm ki, bu beynəlxalq proqram öz uğurlu nəticələrini göstərməyə davam edəcək".

Daha sonra proqramda xüsusi istedadı və bacarığı, "İƏT XİN Sammiti"ndə fəallığı ilə seçilən gənclər diplom və xüsusi hədiyyələrlə təltif olunublar. Bundan əlavə, mükafat alan gənclərin bir qismi hər il İƏT-ə üzv ölkələrin birində keçirilən "İƏT Model-Qlobal Sammit"ində iştirak hüququ əldə ediblər.

Qeyd edək ki, bu ilki "İƏT Model-Azərbaycan" mərhələsində Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatiya Akademiyası, Azərbaycan Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Dillər Universiteti, Azərbaycan Dövlət Slavyan Universiteti və digər ali məktəblərdən 200-ə yaxın tələbə iştirak edib.

Fotolar: Cəlil Rəcəbli

Bütün xəbərlər Facebook səhifəmizdə