Yardımlıda şəhidin medalı atasına təqdim olunub

Yardımlıda şəhidin medalı atasına təqdim olunub

Silahlı Qüvvələrimizin şəhid əsgəri Nurəddin Etimad oğlu Mirzəyevin təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ailə üzvlərinə təqdim edilib. SİA-nın məlumatına görə, bu münasibətlə şəhidin doğulduğu Yardımlı rayonunun Honuba kəndində rayon icra hakimiyyətinin, Müdafiə Nazirliyinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, kənd ictimaiyyəti nümayəndələrinin iştirakı ilə mərasim keçirilib. Tədbirdə Yardımlı Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Azər Xamiyev çıxış edərək son illər ordu quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən söz açıb. Ali Baş Komandanın qayğı və diqqəti nəticəsində Azərbaycan Ordusunun Cənubi Qafqazda ən güclü orduya çevrildiyini xüsusi qeyd edən A.Xamiyev son aylar cəbhə bölgəsində düşmənin təxribatçı əməllərinin qarşısının layiqincə alındığını diqqətə çatdırıb. Daha sonra şəhid Nurəddin Mirzəyevin layiq görüldüyü medal onun atasına təqdim olunub. Şəhidin atası Etimad Mirzəyev oğlunun xatirəsini əziz tutduqlarına, ailəsinə göstərilən qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib. Sonda şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun 1996-cı il təvəllüdlü əsgəri Nürəddin Etimad oğlu Mirzəyev aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə şəhid olub, doğulduğu Yardımlı rayonunun Honuba kəndində dəfn edilib.

Sərras Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə