Lənkəran Dövlət Universitetində (LDU) TEMPUS layihəsi çərçivəsində "Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması" mövzusunda treninq keçirilib. İki gün davam eden təlimdə LDU-nun müəllimləri, inzibati işçilər və tələbələr iştirak ediblər.
Layihənin LDU üzrə əlaqələndiricisi, dosent Ramiz Şəmmədov tədbirin məqsədi və vəzifələri haqqında iştirakçılara məlumat verib.
Qeyd olunub ki, TEMPUS proqramı (Universitet fənləri üçün Trans-Avropa mobillik cədvəli) ali təhsilin müasirləşdirilməsini dəstəkləyir və Avropa İttifaqını əhatə edən ölkələrdə əməkdaşlıq sahəsi yaradır.
1990-cı ildə Berlin divarının sökülməsindən sonra yaradılmış bu proqram hazırda Qərbi Balkanlarda, Şərqi Avropa və Mərkəzi Asiyada, Şimali Afrika və Yaxın Şərqdə 27 ölkəni əhatə edir.
TEMPUS proqramı tərəfdaş ölkələrin ali təhsil müəssisələrinin Avropa universitetləri ilə təhsildə Avropa standartları sahəsində təcrübə mübadiləsi, bazar iqtisadiyyatına uyğun olan təhsil proqramlarının hazırlanması, müasir ədəbiyyatın təmin edilməsi, tədris bacarıqlarının səviyyəsinin artırılması üçün təlimlərin keçirilməsi, tələbələrin xaricdə təhsil alması, universitetlərin idarə olunmasının təkmilləşdirilməsi, islahatların aparılması, qeyri-professor-müəllim heyətinin hazırlanması ilə yeni informasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsinə əsaslanan əməkdaşlığı nəzərdə tutur.
Azərbaycan 1995-ci ildən TEMPUS proqramında iştirak edir. Hər il Azərbaycan universitetlərində TEMPUS proqramı üzrə müxtəlif layihələr həyata keçirilir.
Xəzər Universitetinin psixologiya müəllimi Mələk Kərimova müəllimlər üçün əlilliyin modelləri, əlilliyin dərki, inklüziv təhsil, Avropa partnyor universitetlərində əldə edilən təcrübələrin paylaşılması mövzusunda təlim keçirib.
Layihənin Xəzər Universiteti üzrə rəhbəri Rima Məmmədova inzibati işçilərə əlillik, onunla əlaqədar qanunvericilik, əlilliyi olan şəxslərlə ünsiyyət və inklüziv təhsil haqqında məlumat verərək "ESFİDİP" layihəsi çərçivəsində əlilliyi olan tələbələr üçün yaradılmış mərkəz haqqında danışıb.
Əlil Təşkilatlar İttifaqının nümayəndəsi Bəybala İbadullayev ESFİDİP TEMPUS layihəsi çərçivəsində əlilliyi olan tələbələr üçün yaradılmış mərkəzin funksiyaları haqqında geniş məlumat verib.
Treninqin ikinci günü layihə əlaqələndiricilərinin və təlimçilərin LDU-nun rəhbərliyi ilə görüşü olub.
Universitetin rektoru vəzifəsini icra edən professor Nizami Yusubov beynəlxalq əlaqələr sahəsində ali məktəbdə görülən işlər haqqında qonaqlara məlumat verib, LDU-da əlilliyi olan tələbələr üçün yaradılmış mərkəzin əhəmiyyətini yüksək dəyərləndirib.
Sonda qonaqlar Lənkəran rayonunun tarix və mədəniyyət abidələri ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB