Bakı Şəhər Prokurorluğu məlumat yayıb

Bakı Şəhər Prokurorluğu məlumat yayıb

Mayın 12-də saat 13 radələrində Şüvəlan qəsəbə sakini, 1986-cı il təvəllüdlü Sultanov Zaur Səxavət oğlunun Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin inzibati binasının həyətyanı sahəsində oturacaqdan yıxılaraq vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırmalar aparılır.

Bakı Şəhər Prokurorluğunun məlumatında bildirilib ki, rayon prokurorluğunun, Polis İdarəsinin əməkdaşlarının, məhkəmə tibb ekspertinin və mərhumun atası Səxavət Sultanovun iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Polis bölməsinin inzibati binasında quraşdırılmış videokamera görüntüləri götürülüb, meyitin bədən səthində burun və dodaq nahiyələrində olan səthi sıyrıqlardan başqa hər hansı xəsarət və zorakılıq əlamətləri aşkar edilməyib. Meyit daxili müayinə olunması və ölümün səbəbinin müəyyən edilməsi məqsədilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilib.

İlkin araşdırmalarla müəyyən olunub ki, həmin tarixdə Şüvəlan qəsəbə sakinləri Afiyyədin Hüseynovun, Elməddin Hüseynovun və Əliislam Rüstəmzadənin Z.Sultanov tərəfindən bir neçə şəxslə birlikdə həmin qəsəbədə döyülmələri barədə şikayət ərizələri əsasında sonuncu polis bölməsinə dəvət olunub və bölmənin həyətyanı sahəsində gözləyən zaman saat 13:40-da oturacaqdan yıxılaraq vəfat edib.

Araşdırmalarla, həmçinin polis bölməsində Z.Sultanova qarşı heç bir fiziki zor tətbiq edilməməsi, bədən səthində aşkar olunmuş sıyrıqların isə onun yıxılma nəticəsində yaranması, qeyd edilənlərin videokameradan götürülmüş görüntüyə keçirilən baxış zamanı təsdiqini tapması, eləcə də meyitin müayinəsi zamanı ürək əzələlərində dəyişikliklər olması müəyyən edilib. Araşdırmalar zamanı şahidlərin izahatları alınıb və digər zəruri hərəkətlər icra olunub.

Hazırda rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə