Bu gün AMEA Rəyasət Heyətində İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. AMEA-dan SİA-ya verilən məlumata görə, öncə AMEA prezidenti, akademik Akif Əlizadə iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrdən söz açaraq AMEA-nın İranın elmi qurumları ilə birgə əməkdaşlıq etməkdə maraqlı olduğunu dilə gətirdi.
Akademik Akif Əlizadə ötən ilin noyabr ayında AMEA-nın 70 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırdı. O, qonaqlara son zamanlar Akademiyada həyata keçirilən islahatlar, innovativ layihələr, prioritet elmi-istiqamətlərdə aparılan araşdırmalar haqqında ətraflı məlumat verdi. Rəhbərlik etdiyi qurumda humanitar və ictimai elmlər sahələrində aparılan tədqiqatlardan danışan alim qonağı bu istiqamətlərdə birgə əməkdaşlığa səslədi.
Sonra İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Abuzər İbrahimi Türkman İranda 40 cildlik İslam dünyası ensiklopediyasının hazırlandığını vurğuladı, Azərbaycan alimlərini də bu prosesdə iştirak etməyə dəvət etdi.
Qonaq Sədi Şirazinin "Gülüstan" əsərindən danışaraq bu əsərin dünyanın bir çox xalqları tərəfindən sevə-sevə oxunduğunu qeyd etdi. Abuzər İbrahimi Türkman Azərbaycan alimlərini İran alimləri ilə birgə İslam dünyasının görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığına dair tədbirlər keçirməyə çağırdı.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış etdi. O, çoxcildli İslam dünyası ensiklopediyasının müsəlman ölkələrində yayılan ən böyük ensiklopediya olduğunu, burada Azərbaycanın islami dəyərləri ilə bağlı mühüm faktların öz əksini tapdığını qeyd etdi. Bildirdi ki, Azərbaycan alimləri İslam dünyası ensiklopediyasının hazırlanması prosesində fəal iştirak etməli, nəşri ölkəmizə dair məlumatlarla zənginləşdirməlidir.
Akademik İsa Həbibbəyli yaxın günlərdə Sədi Şiraziyə həsr olunacaq konfransın keçiriləcəyini nəzərə çatdıraraq, tədbirdə maraqlı məruzələrin yer alacağını dedi. Qeyd etdi ki, hər iki ölkədə görkəmli şəxsiyyətləri haqqında təşkil ediləcək tədbirlər ölkələr arasında əlaqələrin genişlənməsinə və İslam dünyasında həmrəyliyin daha da güclənməsinə səbəb olacaq.
Alim iki gün sonra Bakıda İran Mədəniyyət Mərkəzində keçiriləcək "Firdovsi günü" adlı tədbirlə bağlı məlumat verdi, burada AMEA alimlərinin də iştirak edəcəyini bildirdi.
Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək Əlyazmalar İnstitutunda 12 minə yaxın əlyazmanın yer aldığını diqqətə çatdırdı. O, institutda Farsdilli əlyazmaların tədqiqi şöbəsinin fəaliyyət göstərdiyini qeyd edərək, əlyazmaların bərpası istiqamətində görülən işləri yüksək qiymətləndirdi.
Sonra iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və ardıcıl birgə fəaliyyətin təşkili məqsədilə əməkdaşlıq müqaviləsinin imzalanması qərara alındı.
Tədbirin sonunda AMEA preizdenti və İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri bir-birinə xatirə hədiyyələri təqdim etdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB