Regionun ən böyük təhlükə mənbəyi "Metsamor" AES

Regionun ən böyük təhlükə mənbəyi "Metsamor" AES

1976-cı ildə inşa edilmiş Metsamor Atom Elektrik Stansiyası SSRİ-nin nimdaş texnologiyası ilə işləyən, istismar müddətini bitirmiş, hər an partlama təhlükəsi ilə bütün region dövlətlərini təhdid edən bir qurğudur. Hər biri 408 MV gücə sahib WWER-440 /230 tipli 2 yunitardan ibarətdir. Stansiya Ermənistanın paytaxtı İrəvandan 32 km, Qarsdan 100 km, İğdırdan isə 30 km uzaqlıqdadır. AES dünyanın ən etibarsız reaktorlarından biridir. Stansiyanın tikilməsi zamanı SSRİ alimləri onun Ağrı dağı tektonik zonasında yerləşəcəyi üçün buna qarşı çıxmışlar. Amma hansı qüvvələrsə bu reaktorların məhz təhlükəli zonada quraşdırılmasını təkid edib və buna nail olub.

AES-in tikintisinə 1973-cü ildə Yerevandan 40 km aralıda yerləşən Metsamor şəhərində başlanılıb. AES-in birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlansa da, 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra bu proses dayandırılıb.

1988-ci ildə Metsamordan 75 km aralıda yerləşən Spitakda baş vermiş zəlzələdən sonra 1989-cu il yanvarın 15-də AES-in fəaliyyəti dondurulub. SSRİ dağılandan sonar Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edir və 1995-ci ildə 2-ci enerji bloku işə salınır. Bu stansiya regionda birinci nəsil tipli ВВЭР-440 tipli Rusiya istehsalı olan reaktorla təchiz edilib. Hazırda AES-in ikinci enerji bloku fəaliyyətdədir.

Ermənistanda sənaye, kənd təsərrüfatı sektoru tənəzzülə uğradığından bu ölkənin nəinki dünya standartlarına cavab verən məhsul istehsal etmək, heç öz vətəndaşının standartına uyğun 5-ci növ mal ortaya qoymaq gücü və texnologiyası yoxdur. Maraqlıdır, buna baxmayaraq Ermənistan qonşu ölkələrlə müqavilələr bağlayır, iqtisadi əlaqələri genişləndirmək istəyir. Sual olunur, ermənilər qonşularından aldıqlarının əvəzini nə ilə ödəyirlər. Bu sualın cavabı da çətin deyil, əlbəttə elektrik enerjisi ilə. Bəs elektrik enerjisini harada istehsal etmək olar? Əlbəttə Metsamor Atom Elektrik Stansiyasında. Bunun üçün də Metsamor AES-in işlək vəziyyətdə olan tək ikinci bloku gücünü bir az da artırmalıdır. Bax, təhlükə də buradan yaranır.

Bu təhlükə barədə Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrak da xəbərdarlıq edib. Onun sözlərinə görə, "Metsamor" atom elektrik stansiyası 40 ildən də əvvəl tikildiyinə görə yenidən qurula bilməz.

İndi isə keçək Metsamor AES-in region üçün yaratdığı ən böyük təhlükələrə. Əvvəla, Metsamor AES köhnə, istifadə müddəti bitmiş avadanlıqla təchiz edilib. Reaktorlarda qəzanın baş verməsi və ciddi qəza baş verməsi ehtimalı çox böyükdür. Ermənistan dünya ictimaiyyətinin AES-in fəaliyyətini dayandırmaq tələblərini qulaq ardına vuraraq onun istifadəsi müddətini 2026-cı ilə kimi uzatmaq barədə qərar qəbul edib. Bu da regionun daha 10 il ciddi təhlükə altında yaşayacağını göstətir.

İkincisi, Metsamor AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. Metsamor AES-in ətrafında 5 tektonik qırılma mövcuddur ki, onlardan da biri stansiyadan cəmi 500 metr aralıda yerləşir. 1988-ci ildə Spitakda baş vermiş zəlzələ bu stansiyanın fəaliyyətinin region üçün böyük təhlükə yaratdığını əyani şəkildə təsdiq edir.

Üçüncüsü, ekspertlər hesab edirlər ki, AES-də təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir. 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğın yalnız 7 saatdan sonra ciddi səylər göstərildikdən sonra söndürülüb. Bundan sonrakı dövrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, AES-in müasir təhlükəsizlik avadanlıqları ilə təchiz edilməsi istiqamətində heç bir addım atılmayıb.

Dördüncüsü, Metsamor AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Qəza nəticəsində radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisi üçün böyük təhlükə yaradacağı şübhəsizdir.

Beşincisi, Metsamor AES-in Ermənistanda yerləşməsi nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar dəstələrin regiona diqqətini artırır. Artıq ermənilərin radioaktiv materialları ölkədən çıxararaq müxtəlif cinayətkar qruplara satmaq cəhdlərinə dair onlarla fakt mövcuddur. Belə materialların Əl-Qaidə və İŞİD kimi beynəlxalq terror qruplarının əlinə düşəcəyi təqdirdə "çirkli bombaların" hazırlanması və istifadəsi riski kifayət qədər ciddiləşir.

Altıncısı, Metsamor AES-in nüvə tullantılarının Azərbaycanın işğal altında olan ərazilərində basdırılması ehtimalı böyükdür. Həmçinin, bu tullantıların qismən Kür və Araz çaylarına axıdılması ehtimalı da istisna edilmir.

Heç təsadüfi deyil ki, bütn təhlükələri nəzərə alan qonşu ölkələr Metsamor AES-in bağlanılması tələbi ilə həm Ermənistana, həm də beynəlxalq təşkilatlara çağırışlar, tələblər ünvanlayıblar. Qardaş Türkiyədə də məsələ ilə bağlı etiraz aksiyaları keçirilib, Ermənistandan AES-in bağlanmasını tələb ediblər. İğdır Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksel Gülbey, jurnalistlərə müsahibəsində AES-in region üçün təhlükəli olduğunu vurğulayıb və onun tezliklə bağlanılmasını tələb edib.

G.Gülbey stansiyanın təhlükəsi ilə bağlı 4 ölkənin xarici işlər nazirliklərinə məktub göndərdiklərini bildirib. Metsamor AES-də radiasiya səviyyəsinin yüksəlməsinin, yağışlı və küləkli havalarda radiasiyanı yayaraq, İğdır əhalisinin sağlamlığına zərər verdiyini vurğulayan İğdır Əczacılar palatasının sədri Nazim Karadağ isə deyib ki, xüsusilə sərhəd bölgələrində yaşayan kəndlərdə son illər xərçəng xəstəliyi artmış, meyvə və tərəvəzlərə ciddi ziyan dəyib.

O bildirib ki, 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələ nəticəsində Metsamor AES-də çat əmələ gəlmişdir və bu çat beton örtüklə bağlanmışdır.

Natiq 1986-cı ildə Çernobıl AES-dəki qəzanın hansı ağır fəsadlar törətdiyini xatırlatmış, bu kimi faciələrin bir daha təkrarlanmaması üçün Metsamor AES-in bağlanmasının məqsədəuyğun olduğunu bildirib.

Erməni hüquq müdafiəçiləri də məsələyə biganə olmadıqlarını büruzə veriblər. Hüquq müdafiəçisi Armine Saakyan "Huffington Post" nəşrində dərc edilən məqaləsində yazıb ki, "Metsamor" atom elektrik stansiyasında (AES) baş verəcək mümkün qəza İrəvanın dağılması və Ermənistan kənd təsərrüfatının iflic olmasına qədər fəlakətlə nəticələnə bilər: "Bu il Ermənistanda "National Geographic"in dünyanın ən təhlükəlisi hesab etdiyi mövcud AES-i əvəz edən yeni atom stansiyası yaradılmalı idi. Artıq 2016-cı ilin ortalarına yaxınlaşırıq. Amma yeni AES nəinki işlək vəziyyətdə deyil, heç onun tikintisi üzrə işlərə belə başlanmayıb".

Məqalədə qeyd edilib ki, yeni AES keçmiş SSRİ-nin ən kasıb ölkələrindən biri olan Ermənistana 5 milyard ABŞ dollarına başa gələcək. Eyni zamanda, yazıda Cənubi Qafqaz və onun hüdudlarından kənarda yerləşən ölkələrin 1976-cı ildən fəaliyyət göstərən "Metsamor" atom elektrik stansiyasında baş verə biləcək mümkün qəzadan narahat olduğu vurğulanıb.

"Yeni AES tikməyə pulu olmayan Ermənistanın köhnəsindən istifadəyə davam etməkdən başqa seçimi qalmır", - erməni hüquq müdafiəçisi bildirib.

Məqalədə qeyd edilib ki, Rusiya layihənin bir hissəsini maliyyələşdirməyə razılıq veribmiş və hətta bu məqsədlə dünyanın ən böyük AES sənayelərindən birinə malik Fransa ilə danışıqlara da başlanılıb, amma 2008-ci ildə baş vermiş qlobal böhran layihənin maliyyələşdirilməsini qeyri-müəyyən müddətə arxa plana atıb

"2014-cü ildən Rusiya iqtisadiyyatını və rublunu dəstəkləyən neftin qiymətinin aşağı düşdüyünü nəzərə aldıqda, hazırda hətta Rusiyanın köməyi də problemli olacaq", - Armine Saakyan yazıb.

Onun sözlərinə görə, ekspertlərin əksəriyyətinin "Metsamor" AES-in təhlükəsizliyi barədə şübhəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə