Bu gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun ad günüdür. Azərbaycan paytaxtının meri artıq ömrünün 72-ci baharına qədəm qoyur.
Hacıbala müəllimin həyat xronologiyasına nəzər salarkən, onun keşməkeşli ömür yolunun şahidinə çevrilirik. Belə ki, Hacıbala İbrahim oğlu Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. 1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində (Sankt-Peterburq) A.F.İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olan Hacıbala Abutalıbov 1976-cı ildə namizədlik dissertasiyası müdafiə edib, 1987-ci ildə isə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını alıb. Fizika-riyaziyyat elmləri doktoru, professordur.
Onun barəsindəki rəsmi məlumata görə, Hacıbala Abutalıbov Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.
Eyni zamanda bildirilir ki, professor H.Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib.
O, 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiri işləyib.
Uzun müddətdə elmi sahədə çalışan Hacıbala müəllimin karyerasındakı uğurlu sıçrayış, daha doğrusu dövlət qulluğunda vəzifə tutması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonraya təsadüf edir. 1995-ci ildə dövlət başçısının sərəncamı ilə Hacıbala Abutalıbov Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. 5 il Suraxanı rayonuna rəhbərlik edən Hacıbala Abutalıbov gördüyü işlərlə ölkə başçısının yüksək etimadını qazanıb.
Nəticədə apardığı uğurlu fəaliyyətinə və əldə etdiyi nailiyyətlərinə görə 1999-ci il iyulun 20-də dövlət başçısı tərəfindən Suraxanı rayonu İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında sərəncam imzalanıb.
Həmin sərəncamda deyilir:
"Suraxanı rayonunda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin sosial müdafiəsinin təmin edilməsi və mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Məqsədyönlü fəaliyyət nəticəsində rayonda sənaye məhsullarının istehsalı ildən-ilə artır, mənzil tikintisi həyata keçirilir və ehtiyacı olanlara verilir, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara qayğı və hərtərəfli yardım göstərilir.
Suraxanı Rayon İcra Hakimiyyətinin iş təcrübəsini müsbət qiymətləndirərək qərara alıram:
1. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı H.İ. Abutalıbovun işi təqdirəlayıq hesab edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yerli icra hakimiyyəti orqanları, nazirlik, komitə, şirkət, birlik və idarələr arasında yayılmasını təmin etsin.
3. Yerli və daxili imkanlardan maksimum istifadə etməklə əhalinin iqtisadi, sosial və məşğulluq problemlərinin həlli bütün icra strukturlarına xüsusi vəzifə kimi tapşırılsın.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti"
Prezidentdəın yüksək dəstək alan Hacıbala Abutalıbov 2000-ci ildə Baş nazirin müavini vəzifəsinə irəli çəkilib.
Bir il sonra isə o, yeni posta - Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib.
2001-ci ilin yanvar ayından Bakı şəhər İcra Hakimiyyətinə başçılıq edən Hacıbala müəllim artıq 15 ildir ki, paytaxtımızın gözəlləşdirir, abadlaşdırır və inkişafında müstəsna xidmətlər göstərir. Belə ki, Hacıbala müəllim Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutduğu müddətdə gördüyü bir sıra işlərlə diqqət çəkib. Bakının mərkəzi küçələrində yöndəmsiz, nizam-intizamsız küçə ticarətinin ləğv olunması onun adı ilə bağlıdır. Hər il mayın 10-da Bakıda Gül bayramının keçirilməsi ənənəsini də o qoyub. Hacıbala Abutalıbov Bakının bəzi ərazilərindəki tikililərin sökülməsinə görə tez-tez ittiham olunur.O, Bakıda tez-tez atəşfəşanlıq keçirilməsinin, fəvvarə qurulmasının da ənənəsini qoyub.
Onu da qeyd edək ki, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü olan Hacıbala Abutalıbov ailəlidir, iki oğlu var.
Biz də Səs Media Qrupunun kollektivi olaraq, Hacıbala müəllimi təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB