"Davamlı İnkişafa Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Məktəblilərin ekoloji klublarının yaradılması" layihəsinin icrasına başlayır. Bu barədə SİA-ya Birliyin mətbuat xidmətindən məlumat verilib.
Ətraf mühitin qorunmasında məktəblilərin rolunu gücləndirmək, onlar arasında ekoloji təfəkkürü artırmaq məqsədi daşıyan layihə Bakı və Gəncə şəhərlərində icra olunacaq. İlkin mərhələdə 1 ay müddətində adları çəkilən şəhərlərdə məktəblilər arasında ekoloji maarifçilik işini yüksəltmək məqsədilə təlimlər keçiriləcək, məktəblilərin iştirakı ilə ekoloji divar qəzetləri hazırlanacaq.
Növbəti mərhələdə isə məktəblilərin iştirakı ilə ekoloji klublar yaradılacaq, onların fəaliyyət istiqamətləri və iş prinsipləri müəyyənləşdiriləcək. Klublara üzv olacaq məktəblilər üçün təlimlər və digər praktik tədbirlər təşkil olunacaq.
Layihənin sonuncu mərhələsində isə məktəblilərin iştirakı ilə ekoloji aksiyalar (yaşıllaşdırma işləri, iməcliklər və s.) təşkil olunacaq, habelə onların ekoloji bilik və bacarıqlarının yoxlanılması üçün müxtəlif müsabiqələr keçiriləcək.
Birliyin mətbuat xidmətindən bildirilib ki, bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri ekoloji problemlərin də operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb. Ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə göstərilən diqqət və qayğı, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə ekoloji vəziyyət getdikcə yaxşılaşır. Ölkəmizdə yürüdülən ekoloji siyasətin məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Biz də dövlətin həyata keçirdiyi bu siyasətə dəstək verməklə, ekologiyamızın qorunmasına xüsusi həssaslıq nümayiş etdirməliyik. Buna görə də məktəb yaşlarından uşaq və yeniyetmələrimizin ekoloji təfəkkürünü artırmaq, onların ətraf mühitə münasibətdə xüsusi nümunə göstərmələrini təmin etmək istəyirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB