İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Quba rayonunun Barlı kəndində növbəti işgüzar forum keçirib. SİA-nın Şimal bürosundan verilən məlumata görə, işgüzar forum çərçivəsində Quba rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "Yaşıl market"in, meyvə-tərəvəz emalı zavodunun, intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Eləcə də kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edəb ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 170,4 milyon manat güzəştli kredit verilib:"Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, çörək zavodunun, istixana, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib".
Qeyd edək ki, işgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 445 min manat güzəştli kredit verilib.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB