Ailə siyasəti ilə bağlı elmi-praktiki konfrans keçirilb YENİLƏNİB - SƏS TV
Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Müstəqillik dövründə ailə siyasətinin formalaşması -ənənələr, perspektivlər" mövzusunda elmi-praktiki konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub. Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Ombudsman Elmira Süleymanova, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, QHT təmsilçiləri və KİV nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Urxan Ələkbərov Azərbaycanın qısa müddətdə sürətlə inkişafından söz açıb. O bildirib ki, ölkəmiz iqtisadi-siyasi inkişaf səviyyəsinə görə, lider ölkələr sırasına daxil olub: "Bütün bu inkişaf təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində əldə edilib. Bu gün beynəlxalq təşkilatların statistikasında Azərbaycan ön sıralardadır. 25 il ərzində ölkəmiz çox geniş inkişaf yolu keçib. Ölkəmizdə həyata keçirilən dövlət proqramları sayəsində böyük işlər görülüb. Azərbaycanın dünya ölkələri arasında tanınmasında Heydər Əliyev Fondunun əvəzsiz rolu var".
Azərbaycanda ailə siyasətindən danışan rektor bildirib ki, bugünkü konfransın mühüm olduğunu deyib. Konfransın işinə uğurlar arzulayan U.Ələkbərov ailə institutunun vacibliyini vurğulayıb.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ailə ən qədim sosial institutlardan biri kimi cəmiyyətin nüvəsi sayılır. Onun sözlərinə görə, adət-ənənələri qoruyub yaşadan ailə dəyərləri illər keçdikcə öz əhəmiyyətini, tarixiliyini itirmir, əksinə daha da inkişaf edir: "Hər bir ictimai-siyasi dövrün özünəməxsus ailə modeli formalaşır. BMT 1993-cü ildə mayın 15-ni Beynəlxalq Ailə günü elan edib. 2008-ci ildən başlayaraq Azərbaycanda da bütün rayonları təmsil edən ailələrin iştirakı ilə "Ailə bayramı" keçirilir. Ölkəmizdə hər il yüzlərlə, minlərlə ailədə brilyant, qızıl, gümüş yubileylərin keçirilməsi Azərbaycanda ailə modelinin qorunmasının və nəsildən-nəslə yaşadılmasının bariz nümunəsidir. Azərbaycan ailələri möhkəmliyi və ailə ənənələrinə sadiqliyi ilə hər zaman seçilib".
Milli Məclisin vitse-spikeri Bahar Muradova qeyd edib ki, bu gün Azərbaycan dövləti tərəfindən - həm parlament, həm də hökumət səviyyəsində ailə proseslərini tənzimləyən qanunlar mövcuddur: "Ailə dəyərlərinin qorunmasına bu qanunlar öz köməkliyini göstərir. Biz ailə institutunu qorumalıyıq. Cəmiyyətin müvafiq təbəqələrinin birgə səyləri nəticəsində bu sahədəki problemləri aradan qaldıra bilərik. Eyni zamanda, biz çalışmalıyıq ki, Azərbaycanın uğurlarının qazanılmasında Azərbaycan ailələrinin yaxından iştirakını təmin edək".
Ombudsman Elmira Süleymanova Azərbaycanda ailə institutu daim təkmilləşdirildiyini vurğulayıb. Onun sözlərinə görə, ailələr daim dövlət nəzarətindədir: "Ölkəmizdə ailə bağlı məsələlər qanunvericiliklə tənzimlənir. Azərbaycan respublikasının Konstitusiyasında ailəyə ayrılan xüsusi maddələr var. Unutmamalıyıq ki, adət-ənənələr qanundan üstün ola bilməz".
Daha sonra çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı söyləyib ki, ailə hər bir insanın, cəmiyyətin və ölkənin həyatında mühüm əhəmiyyət daşıyır: "Məhz ailə hər bir insan üçün sevgi, dayaq mənbəyidir. Sağlam, möhkəm ailə- hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır. Ailə münasibətləri insan həyatının mühüm aspektlərindən birini təşkil edir. İnsanın maraqlarının əhəmiyyətli hissəsi məh zailədə öz həllini tapır".
Konfransda ailə dəyərlərinin qorunmasında KİV-in rolundan danışan "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva söyləyib ki, müasir KİV-in işi təkcə cəmiyyəti informasiya ilə təmin etməklə yekunlaşmır: "Müasir KİV yeni şəxsiyyətin formalaşmasında, deməli, son məqsədi məhz kamil insan yetişdirmək olan ailə dəyərlərinin qorunub saxlanmasında da mühüm rol oynayır. Çünki, şəxsiyyət olmaq ilk növbədə mənsub olduğun ailə və millətin dəyərlərini ümumbəşəri dəyərlərlə uzlaşdırmağı bacarmaq əsrlərlə qazanılan dəyərləri yad təsirlərdən qorumaq deməkdir. Yad təsirlərdən qorunmağın ən yaxşı üsulu isə KİV-in məsələyə xüsusi diqqət və həssaslıqla yanaşması, cəmiyyətin düzgün maarifləndirilməsi, dəyərlərimizin lazımi dərəcədə təbliğ edilməsidir".
Çıxış edən Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev söyləyib ki, ailə sosial institut kimi mürəkkəb ictimai münasibətlərin özəyini təşkil edir: "Ailə institutu dövlətdən əvvəl yaransa da, bu gün müasir dövlətlərin sosial hüceyrəsinin təşkil edir. İnsanların təxminən 85 faizi ailələrdə yaşayır. 9 milyondan çox əhalisi olan Azərbaycanda yalnız 2015-ci ilin 8 ayı ərzində təxminən 45 min nikah bağlanıb. Məhz ailə münasibətlərinin ahəngliyi ictimai siyasi vəziyyətin, adət və ənənələrin qorunmasının, iqtisadi sabitliyin göstəricisi kimi çıxış edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB