ANAMA 18 partlayış yerinə baxış keçirib

ANAMA 18 partlayış yerinə baxış keçirib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 11-də Tərtər, Füzuli, Ağcabədi və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursat (PHS) haqqında hesabat təqdim edib.

ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, Tərtər rayonunun Qarağacı kəndində üç ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib. Nəticədə 27 min kvadratmetr ərazi yoxlanılıb. Qaynaq kəndində üç otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib və 1500 kvadratmetr ərazi yoxlanılıb.

Ağcabədi rayonunun Qaraxanlı kəndində 1 ev və həyətyanı sahədə, bir əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib. Altı min kvadratmetr ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb. Hacılar kəndində bir əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 6 min kvadratmetr ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkarlanmayıb.

Füzuli rayonunun Şükürbəyli kəndində 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib. 478 kvadratmetr ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.

Mayın 11-də dörd ev və həyətyanı sahədə, 7 otlaq sahəsi daxil olmaqla 18 partlayış yerinə baxış keçirilib. 122 millimetrlik ağ fosfor mərmisi zərərsizləşdirilib. Gün ərzində 40 min 978 kvadratmetr ərazi təmizlənib.

Belə ki, mayın 10-da Tərtər rayonunun Əskipara kəndi ərazisində yerləşən əkin sahəsində aşkarlanmış 1 ağ fosfor tərkibli 122 millimetrlik top mərmisinin (P-4) zərərsizləşdirmə əməliyyatı mayın 11-də Müdafiə və Xarici İşlər nazirlikləri, xarici səfirliklərin Azərbaycandakı nümayəndələri və hərbi attaşelərinin iştirakı ilə həyata keçirilib.

Ümumilikdə agentlik tərəfindən aprelin 7–dən mayın 11-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakıda 461 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 3 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 12 fermaya, əkin sahələrinə və 1 çaxır zavodu ərazisinə baxış keçirilib. 1419 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə