Heydər Əliyevin doğum günü Buxarestdə qeyd olunub FOTO

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Buxarestdə tədbir keçirilib
Heydər Əliyevin doğum günü Buxarestdə qeyd olunub FOTO

Bu gün Rumıniyanın paytaxtı Buxarest şəhərində yerləşən "Tey Parkı-Heydər Əliyev Xiyabanı"nda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar anma tədbiri keçirilib. Azərbaycanın Rumıniyadakı səfirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın Rumıniyadakı Səfirliyinin, "SOCAR Petrolium S.A." şirkətinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin üzvləri, Rumıniyada yarışlarda olan Azərbaycanın Kikboksinq Federasiyasının idmançıları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, büstü önünə əklillər qoyulub. Tədbir zamanı müstəqil Azərbaycan dövlətçiliyinin bərqərar olması, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik iqtisadi-sosial inkişafın təmin olunması, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması, dünyəvi dəyərlərə inteqrasiya sahəsində Ümummilli Liderin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs edilib, bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə