Lənkəranda Qələbə bayramı

Mayın 9-da Lənkəran şəhərində İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 71-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib. Rayon rəhbərliyi, müharibə veteranları, hüquq mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri "Naməlum əsgər"in abidəsi önünə gül dəstələri düzərək İkinci Dünya müharibəsində həlak olmuş lənkəranlıların xatirəsini ehtiramla yad ediblər.

Mərasim iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun adını daşıyan Xatirə Parkında davam etdirilib.

Müharibə veteranlarını əlamətdar gün münasibətilə təbrik edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov onların problemləri ilə maraqlanıb, igid qəhrəmanın abidəsi önünə gül dəstələri düzüb.

Tədbir Lənkəran şəhərindəki "Veteranlar klubu"nda bayram süfrəsi ətrafında davam etdirilib.

Mərasimdə Böyük Vətən müharibəsi veteranlarının və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhər icra hakimiyyətinin başçısı T.Qaraşov Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümü münasibətilə bir daha veteranları təbrik edərək onlara xoş arzularını çatdırıb, dövlətimizin veteranlara göstərdiyi diqqət və qayğıdan danışıb.

O, mənfur ermənilər tərəfindən torpaqlarımızın 20 faizinin işğal edilməsindən, bir milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsindən, aprelin əvvəllərində rəşadətli Milli Ordumuzun erməni silahlı birləşmələrinə endirdiyi sarsıdıcı zərbədən, bir neçə strateji əhəmiyyətli yüksəkliklərin və yaşayış məntəqələrinin düşmən tapdağından təmizlənməsindən danışıb, düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə geri qayıdacağına əminliyini ifadə edib.

Müharibə veteranları ölkə rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Mərasimdə məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə