Polis veteranları ilə görüş keçirilib

Polis veteranları ilə görüş keçirilib

Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığına əsasən, qurumun Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşları faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə 1941-1945-ci illər müharibəsinin iştirakçıları olan 6 polis veteranının yaşadığı ünvanlara baş çəkib, onlarla görüşüblər.

DİN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, görüşlərdə faşizm üzərində tarixi Qələbənin qazanılmasında həmvətənlərimizin ön və arxa cəbhədəki böyük fədakarlığından və qəhrəmanlığından bəhs olunub. Məhz ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra hər il mayın 9-nun müstəqil Azərbaycanda dövlət səviyyəsində qeyd edildiyi, Prezident İlham Əliyev tərəfindən cəmiyyətin ən dəyərli üzvləri kimi onlara hər cür diqqət və qayğı göstərildiyi vurğulanıb.

Bildirilib ki, veteranların mənalı həyat yolu və zəngin təcrübəsi yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına hər zaman örnək olacaq, Vətənə sonsuz məhəbbət, anda, dövlətə sədaqət rəmzinə çevrilmiş qəhrəmanlıqları, əzmkarlıqları unudulmayacaq.

Nazirliyin təmsilçiləri əlamətdar bayram münasibətilə veteranları DİN-in rəhbərliyin adından təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.

Sonra veteranlara maddi yardım göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə