Kamal Abdulla TDAB EA-nın akademiki seçilib

Kamal Abdulla TDAB EA-nın akademiki seçilib

Yazıçı-publisist, dramaturq, akademik Kamal Abdulla Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü - akademiki seçilib. SIA-nın Azərbaycan Yaradıcılıq Fondunun məlumatına istinadən verdiyi xəbərə görə, Akademiyanın Rəyasət Heyətinin iclasında Kamal Abdullanın Türk dünyası qarşısında müstəsna xidmətləri, türk dilli ədəbiyyatın tədqiqi və zənginləşdirilməsi sahəsində böyük elmi -praktik fəaliyyəti nəzərə alınaraq bu məşhur elm ocağının akademiki seçilməsi haqqında yekdilliklə qərar qəbul edilib. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası türk dünyasında və türk toplumlarının yaşadığı ölkələrdə türk dilini, tarixini, mədəniyyətini öyrənmək, araşdırmaq və yaymaq məqsədi ilə yaradılmış beynəlxalq elmi qurumdur. Hazırda akademiyanın ABŞ, Fransa, İtaliya, İngiltərə, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Hollandiya, İran, Rusiya, Suriya, İordaniya, Misir, Ukrayna, İraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Moldova, Kosova, Makedoniya, Yunanıstan, Çin kimi ölkələrdə rəsmi təmsilçilikləri var. Türk dünyasının məşhur elm adamları, yazıçı və şairlərinin bütün dünyada tanıdılması və təbliği Akademiyanın ən önəmli vəzifələrindəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə