Transplantasıya: qanunlar və reallıqlar

Müzəffər Ağazadə, Respublikanın Əməkdar hüquqşünası
Transplantasıya: qanunlar və reallıqlar

Yeni yaranan dövlətlərin təxirəsalınmaz vəzifələrindən biri də mümkün qədər qısa zaman kəsiyində özünün qanunlarını yaratmaqdan ibarətdir. Çünki ictimai münasibətlərin biri digəri ilə sıx əlaqədə olduğu müasir dövrdə qanunlarsız cəmiyyəti idarə etmək mümkün də deyildir.

Qanun deyiləndə sözün geniş mənasında normativ – hüquqi aktların dövlət tərəfindən müəyyən edilmiş ümumi – məcburi qaydaların hamısı nəzərdə tutulur. Hüquqi mənada qanun dövlət hakimiyyətinin ali nümayəndə orqanı tərəfindən, yaxud referendum (ümumxalq səsverməsi yolu) ilə qəbul edilmiş, ən yüksək hüquqi qüvvəyə malik olan və mühüm ictimai münasibətləri tənzim edən normativ aktdır. Hakimiyyət orqanlarının başqa heç bir normativ aktları - qərar, sərəncam, müraciət, bəyannamə, əmr, əsasnamə və s. qanuna zidd ola bilməz. Əksinə, başqa növ normativ aktlar öz mənbəyini qanunlardan, xüsusilə də ölkənin əsas qanunu olan Konstitusiyadan götürürlər.

Azərbaycan Respublikası da dövlət suverenliyini bərpa etdiyi dövrdən keçən 25 il ərzində ölkənin ali qanunverici orqanı olan Milli Məclis tərəfindən ölkə, cəmiyyət və dövlət həyatının müxtəlif sahələrini əhatə edən minlərlə qanunlar qəbul edilmişdir. Qanunyaratma fəaliyyəti olduqca mürəkkəb və çətin prosesdir. Təsadüfi deyildir ki, nəinki yeni yaranan dövlətlərdə, hətta uzun müddətli dövlətçilik tarixinə malik olan ölkələrdə də həyatın müxtəlif sahələri ilə bağlı qanun hazirlanarkən başqa ölkələrin müvafiq qanunlarını öyrənməli olurlar. Bütün ölkələrdə vaxtaşırı mövcud qanunlara lazım gəldikdə əlavələr və dəyişikliklər edilməklə onlar təkmilləşdirilirlər.

Suverenlik dövründə ölkəmizdə qəbul olunan qanunlara da vaxtaşırı əlavələr və dəyişikliklər edilməkdədir. Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetinin az qala hər nömrəsində belə məlumatlarla rastlaşırıq. Hətta bəzən vətəndaşlar qanunlarda edilən dəyişikliklərin çoxluğundan gileylənir və hesab edirlər ki, qanunlar əvvəldən mükəmməl tərtib edilsəydi onlara bu tezliklə dəyişiklik edilməsinə də ehtiyac olmazdı.

Bu fikir o qədər də ədalətli deyildir. Çünki, qeyd etdiyimiz kimi qanunyaratma fəaliyyəti çətin prosesdir, həyat isə həddindən artıq mürəkkəbdir və qloballaşan dünyada baş verə biləcək dəyişiklikləri əvvəlcədən nəzərə almaq mümkün deyildir.

Qanunun mükəmməlliyi və işləkliyi onun təcrübədə tətbiqinin nəticəsindən asılıdır. Çünki qanunlara münasibətdə praktika məhək daşı rolunu oynayır. Qanunun təcrübədə tətbiqi mümkün olmadıqda ,yaxud tətbiqi problemlər yaratdıqda o,mütləq dəyişdirilməli, yaxud ləğv edilməklə yenisi qəbul olunmalıdır. Başqa ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında da bu proses gedir və bu bu yolla qanunlarımız ildən-ilə təkmilləşdirilir.

Biz hazırki yazıda cinayət qanunvericiliyinin bizim fikrimizcə həyatla ayaqlaşmayan və ləğv edilməsinə ehtiyac olan bir normasından söhbət açacağıq. Bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 137-ci maddəsi, daha doğrusu onun tərkib hissəsi olan 137.1-ci maddəsi ilə müəyyən edilən normadır. 137-ci maddədə 137.2 və 137.3 kimi bəndlər də vardır ki, onların mətnlərinə qarşı hər hansı iradımız yoxdur. CM-nin 137.1-ci maddəsinin mətni isə aşağıdakı kimi verilmişdir:

137.1.İnsan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin normanın təhlilinə keçməzdən əvvəl belə bir məlum həqiqəti qeyd etməyi lazım bilirik ki, hazırda dünya miqyasında hər gün minlərlə insan orqan və toxumalarının cərrahiyyə yolu ilə bir şəxsdən başqa bir şəxsə köçürülməsi (transplantasiyası) əməliyyatı aparılır. Belə əməliyyatlar nəinki etiraz doğurmur, əksinə xeyirxahlıq, fədakarlıq nümunəsi kimi təqdir olunur. Bu, həm sağlam orqan və toxumaların başqasına bağışlanması, həm də satılması hallarına aiddir. Çünki belə hərəkət kiminsə həyatının xilas edilməsi ilə nəticələnirsə niyə də təqdir edilməsin?

Hazırda Azərbaycanda da həm dövlət tərəfindən, həm də tibb işçiləri tərəfindən vətəndaşlar belə hərəkətlərə həvəsləndirilirlər. Hətta ali qanunvericilik orqanı olan Milli Məclis tərəfindən 28/X-99-cu ildə "İnsan orqan və (və ya ) toxumalarının transplantasıyası haqqında" Qanun da qəbul edilmişdir. Bəs onda CM-nin 137.1-cı maddəsi hansı səbəbdən orqan və toxumaların alqı-satqısını qadağan edır?

Maddənin mətninə diqqət yetirdikdə məlum olur ki, burada orqanların sadəcə alqı-satqısından deyil, məhz "qanunsuz" alqı-satqısından söhbət gedir. Bəs orqan və toxumaların "qanunsuz alqı-satqısı" nə deməkdir? Axı insan orqan və toxumaları cibə qoyulan adi predmet deyildir ki, onu çıxarıb müəyyən haqq müqabilində başqasına verə biləsən.

Tibbi ədəbiyyatda orqan və toxumalarını satan və ya bağışlayan şəxs donor, onları alan və ya qəbul edən şəxs isə resipiyent adlanır. Yuxarıda adı çəkilən 28.10.1999-cu il tarixli Qanuna görə belə əməliyyat üçün əvvəlcədən donorun və resipiyentin razılığı alınmalı, əməliyyatla bağlı ola biləcək ağırlaşmaların mahiyyəti onlara izah edilməli, transplantasiyanın zəruriliyi tibbi komissiyanın əvvəlcədən verdiyi rəylə təsdiq olunmalı, donor və resipiyent əməliyyat üçün hospitalizasiya edilməklə nəzarət altında saxlanmalı, orqan və toxumaların genetik uyğunluğu əvvəlcədən yoxlanılmalıdır və.s . Kifayət qədər çoxtərəfli belə prosedurlardan sonra əməliyyat ixtisaslaşdırılmış tibb müəssisəsində həyata keçirilməlidir. Göründüyü kimi insan orqan və toxumalarının "qanunsuz" alqı-satqısı praktiki surətdə mümkün də deyildir.

Qanunun mətnindən görünür ki, CM-nin 137.1-ci maddəsi ilə məsuliyyət daşımalı olan subyeklər (alqı-satqıda iştirak edən tərəəflər) orqan və ya toxumalarını satan və alan şəxslərin hər ikisidir. Burada əməliyyatı keçirmiş həkimlərin, yaxud tibb müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyətə alinmasından söhbət gedə bilməz, çünki onlar nə orqan satan, nə də alan hesab edilə bilməzlər.

Beləliklə, müəyyənləşdirdik ki, insan orqanları və toxumalarının qanunsuz alqı-satqısı üstündə yalnız onları satanlar və alanlar CM-nin 137.1-ci maddəsiilə cinayət məsuliyyətinə alına bilərlər. İndi də təsəvvür edək ki, bizə məlum olmayan hansı üsullasa donorla resipiyent arasında orqan və toxumaların alqı-satqısı həyata keçirilmiş və bu hadisə ictimailəşdirilmişdir. Bu əməl üçün donor və resipiyent cinayət məsuliyyəti, yaxud hər hansı başqa növ məsuliyyət (mülki, inzibati, intizam qaydaslnda) daşımalıdırmı?

Hüquqşünaslar bilirlər ki, cinayət ictimai təhlükəli, qeyri-əxlaqi, təqsirli və cəzalanmalı olan əməldir. Hərəkət və ya hərəkətsizliyin ictimaı təhlükəli və ya qeyri-əxlaqi olması əməlin cinayət hadisəsi kimi qiymətləndirilməsi üçün məcburi şərtlərdir. Yəni əməl ictimaı-təhlükəli və ya qeyri-əxlaqi olmadıqda törədilən hadisə heç bir halda cinayət kimi qiymətləndirilə bilməz.

İnsan orqanlarının alqı-satqısı prosesində tərəflərdən biri (donor) öz sağlam orqanını müəyyən haqq müqabilində həyatı, yaxud səhhəti təhlükədə olan tərəfə (resipiyentə) təklif edir, axırıncı isə pul verib həmin orqanı alır. Belə müqavilə təcrübədə əsasən şifahi formada bağlanılır. Burada əsas məsələ hər iki tərəfin sərbəst iradə ifadəsidir.Yəni tərəflər kənar təsir olmadan, sərbəst surətdə öz iradələrinin ifadəsi kimi razılığa gəlməlidirlər. Belə olduqda haqqında söhbət açdığımız əməl "qanuni" və ya "qanunsuz" adlandırılmasından asılı olmayaraq heç bir halda ictimaı-təhlükəli və ya qeyri-əxlaqi hesab edilə bilməz. Doğrudan da fiziki və ruhi cəhətdən sağlam olan vətəndaş könüllü surətdə öz bədən üzvünü, yaxud toxumasını həyati ehtiyacı olan qohumuna, dostuna, ictimai xadimə, yaxud hər hansı başqa şəxsə müəyyən haqq müqabilində satırsa, bununla da başqasının həyatını xilas edirsə bu hərəkət hansı əsasla ictimai-təhlükəli, yaxud qeyri-əxlaqı əməl kimi qiymətləndirilə bilər? Sağlam məntiqlə yanaşıldıqda donorun, həmçinin resipiyentin belə əməlləri nəinki ictimai-təhlükəli, yaxud qeyri-əxlaqi əməl deyil, əksinə ictimai-faydalı və humanist əməldir. Belə olduqda onların əməlləri nəinki cinayət təqibinə səbəb ola bilməz, əksinə təqdir və təbliğ edilməyə layiqdir.

Belə əməllər üstündə donor və resipiyentin cinayət məsuliyyəti daşımaları fikri absurddur. Respublika ictimaiyyətinə məlumdur ki, sevimli incəsənət xadimlərimizdən Baloğlan Əşrəfov, habelə mərhum aktyorumuz Yaşar Nuri vaxtilə orqan köçürülməsinə məruz qalmışlar. Öz orqanlarının köçürülməsinə razılıq vermiş şərəfli insanlarımızın fədakarlığı sayəsində Yaşar Nuri həmin əməliyyatdan sonra uzun illər yaşayıb -yaratmış, Baloğlan Əşrəfov isə bu gün də öz xalqına xidmət edir. (Allah ömrünü uzun etsin). CM-nın 137.1-ci maddəsindən belə çıxır ki, həyatları xilas edilmiş həmin incəsənət xadimləri öz xilaskarlarına hər hansı maddi vəsait ödəmiş olsaydılar, həm özləri, həm də xilaskarları cinayət məsuliyyətinə alınmalıymışlar. Belə hadisəyə ölkə ictimaiyyətinin hansı reaksiya verəcəyini təsəvvür etmək belə mümkün deyildir.

Hüquq elmlərindən xəbərsiz olan bəzi şəxslər hesab edirlər ki, belə hallarda öz orqan və toxumalarını başqasına bağışlayan şəxs deyil, yalniz satan şəxslər üçün cinayət məsuliyyəti müəyyən edilməsi daha düzgün olardı. Bu mülahizə ilə də razılaşmaq olmaz. Çünki, əvvəla yuxarıda qeyd etdik ki, hər hansı əməl yalnız ictimai-təhlükəli və ya qeyri-əxlaqi olduqda cinayət təqibinə səbəb ola bilər. Donorun müəyyən haqq müqabilində olsa da öz bədən üzvünü satmaqla başqasının həyatını xilas etməsi həmin kateqoriyalara aid edilə bilməz. Məsələn, təsəvvür edək ki, maddi cəhətdən çətinlik çəkən tələbə bir böyrəyini ehtiyacı olan başqa şəxsə satmaqla müəyyən vəsait əldə edir. Bu hərəkət resipiyentin həyatının xilas edilməsinə, donorun maddi vəziyyətinin yaxşılaımasına xidmət edirsə, tərəflərdən heç birinə belə əməl irad tutula bilməz.

Orqan alqı-satqısı üçün cinayət məsuliyyəti müəyyən edən CM-nin 137.1-ci maddəsinin dispozisiyası məhz (hansı əməlin cinayət məsuliyətinə səbəb olması) kimi, sanksiyası (bu əməl üçün nəzərdə tutulan cəza) da maraq doğurur. Həmin maddənin sanksiyasında 2000 manatdan 5000 manatadək cərimə, iki ilədək müddətə islah işləri, yaxud 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Belə çıxır ki, maddi imkansızlığı üzündə bədən üzvünü satmağa məcbur olan tələbə bu əmələ görə ya 3 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzasına, yaxud da 2000 manatdan 5000 manata qədər məbləğdə cərimə cəzasına məruz qalmalıdır. Tələbəyə də islah işi növündə cəza verilə bilməz, çünki islah işi cəzası qanunda yalnız işləyən şəxslər üçün nəzərdə tutulmuşdur.

Əgər 50-100 manat təqaüdlə dolanan tələbə maddi imkansızlığı üzündən bədən üzvünü satmaq məcburiyyətində qalırsa, hökmlə təyin olunan 2000-5000 manatlıq cəriməni hansı vəsaitlə ödəməlidir? Aydındır ki, hər hansı ictimai-təhlükəli əməl ya müəyyən mənfi nəticəyə gətirib çıxarmalı, yaxud da belə nəticə üçün şərait yaratmalıdır. Donor üçün belə nəticə məsələn, onun səhhətinin pisləşməsi, müəyyən dərəcəli xəsarət alması ola bilər. Donorun bədən üzvünü məcburiyyət olmadan, könüllü surətdə başqasına satması, onun səhhəti, hətta həyatı üçün təhlükə yaratdıqda belə o, cinayət məsuliyyəti daşiya bilməz. Çünki, cinayət qanunvericiliyində şəxsin öz sağlamlığına zərər vurması yalnız bir halda-bu əməlin hərbi xidmətdən boyun qaçırma məqsədi ilə edilməsi hallarında cinayət məsuliyyəti daşımasını ehtiva edir. Digər heç bir halda zərərçəkmişin özünə ehtiyatsızlıqdan, yaxud da qəsdən bədən xəsarəti yetirməsi üçün qanunda cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Bu nöqteyi -nəzərdən haqqında söhbət gedən məsələ ilə bağlı CM-nin 137.1-ci maddəsi ilə nəzərdə tutulan normanın məntiqliyi şübhə doğurur.

Xüsusi olaraq bir daha qeyd edirik ki, bizim bu yazıdakı mülahizələrimiz yalnız orqan və toxumaların könüllü alqı-satqısı ilə əlaqədar donor və resipiyent arasında bağlanmış əqdlərə aiddir . Donorun öz orqanını satmağa məcbur edilməsi kimi hərəkətlər isə CM-nin 137.2 və 137.3-cü maddələri ilə tutulan hallarda cinayət məsuliyyətinə və kifayət qədər ağır cəzaya səbəb olur.

Məlumat üçün bildirilir ki, bir sıra xarıcı ölkələrin, o cümlədən postsovet ölkələrinin cinayət qanunlarını nəzərdən keçirərkən bizim CM-nin 137.1-ci maddəsi ilə müəyyən olunan normalara bənzər normalara təsadüf etmədik.

Hesab edirik ki, CM-nin 137.1-ci maddəsi ilə nəzərdə tutulan əməl cinayət tərkibi yaratmadığından həmin maddə Cinayət Məcəlləsindən xaric edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə