Səbail rayonunda Qələbənin 71-ci ildönümü qeyd olunub

Səbail rayonunda Qələbənin 71-ci ildönümü qeyd olunub

II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda çox geniş və təntənəli şəkildə qeyd olunub. SİA-nın məlumatına görə, bununla əlaqədar rayonun idarə və təşkilatlarında, ali və orta məktəblərində tədbirlər, veteranlarla görüşlər, rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində, o cümlədən muzey və kitabxanalarda, sərgi salonlarında sərgilər təşkil olunub.

Rayon ictimaiyyətinin və gənclərin nümayəndələrinin iştirakı ilə müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidələrin ucaldığı parklarda iməciliklər keçirilmiş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun, üç dəfə Sovet İttifaqı Qəhrəmanı Boris Vannikovun büstləri, Bibiheybət qəsəbəsində II Dünya Müharibəsində həlak olmuş döyüşçülərin şərəfinə ucaldılmış abidə kompleksinin önünə gül-çiçəklər qoyulub.

Rayonun orta məktəblərinin kollektivləri məktəbə yaxın ərazilərdə yaşayan Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərdə olmuş, onlara bayram sovqatları çatdırıblar.

Ənənəvi olaraq Qələbə günü ilə bağlı Bayıl yaşayış sahəsindəki Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan bağda Səbail rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, Hərbi Dəniz Qüvvələrinin zabit və matrosları və veteranların iştirakı ilə təntənəli tədbir keçirilib.

Tədbirin əvvəlində Hərbi Dəniz Qüvvələrinin orkestrinin ifasında müxtəlif marşlar səslənib. Parkda ucaldılmış Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun büstünün önünə RİH adından əklil qoyulmuş, musiqi sədaları altında rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar, donanmanın zabit və əsgərləri və məktəblilər büstün önünə tər çiçəklər düzüblər.

Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırıb.

Natiq qeyd edib ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar – o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir: "Azərbaycan xalqı bu gün də öz keçmişi, xüsusi ilə müharibədəki iştirakı dövrü ilə fəxr edir. Müharibə veteranları xalqımızın ən əziz və hörmətli üzvləri olmuşlar. Ulu öndər Heydər Əliyev daim onlara xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanıb. Azərbaycanın bütün xalqı və ictimaiyyəti bilməlidir ki, II Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz və ən mötəbər insanlarımızdır".

Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Qələbənin 71 illiyi ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi, veteranlara olan digər qayğılar ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.

Sonra tədbir parkın qarşısında yerləşən, müharibə illərində təxliyə hospitalının fəaliyyət göstərdiyi Səbail rayonu, 49 saylı "İntellekt" liseyin yeni tədris korpusunda davam etdirilib.

Tədbirdə çıxış edən veteranlar öz xatirələrindən söz açmış, onlara göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə veteranlara hədiyyələr və maddi yadım təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə