“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi yeni layihənin icrasına başlayıb

"Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı "Jurnalistikanın təbliği istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi" layihəsinin icrasına başlayıb. SİA-nın verdiyi məlumata görə, layihə paytaxt Bakı şəhərində və ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən ali məktəblərin bakalavr pilləsinlə təhsil alan tələbələr arasında jurnalistika ixtisasına marağı artırmağı nəzərdə tutur. Xüsusən də həmin tələbələrin təhsillərini davam etdirərkən, konkret olaraq magistr pilləsində jurnalist peşəsini seçmələrini stimullaşdırmaq layihənin qarşısına qoyduğu başlıca hədəfdir.

Layihədə çərçivəsində ali məktəblərin bakalavr pilləsində təhsil alan tələbələrlə görüşlərin təşkili, onları 2014-cü ildən tətbiq edilən yeni təhsil mexanizmin xüsusiyyətləri, həmçinin jurnalistikanın cəmiyyət həyatındakı rolu barədə məlumatlandırılması nəzərdə tutulur. 2016-cı ilin may-avqust ayları ərzində Gəncədə, Lənkəranda və Mingəçevirdəki ali məktəblərdə 3 belə görüş keçiriləcək. Görüşlərdə həmçinin tələbələr arasında jurnalistika ilə bağlı sorğu da aparılacaq. Həm sorğunun, həm də görüşlərin nəticələri Bakıda media ictimaiyyətinin iştirakı ilə düzənlənəcək yekun toplantıda müzakirəyə çıxarılacaq.

Məlum olduğu kimi, digər ixtisas sahiblərinin də jurnalistikaya marağının mövcudluğu, hazırda kütləvi informasiya vasitələrində qeyri-ixtisas sahiblərinin də çalışması reallığı nəzərə alınmaqla 2014-cü ildən ali məktəblərin hümanitar sahəyə aid olmayan bakalavrlarının da magistr pilləsində jurnalistikanı seçmələrinə şərait yaradılıb. Belə bir mexanizmin tətbiqi bacarıqlı şəxslərin jurnalistikaya axınını həyata keçirməklə sahənin ixtisaslaşmasına dəstək məqsədi daşıyır. Layihə də məhz həmin prosesə dəstək göstərməyə hesablanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə