“Qırmızı körpü” sərhəd-keçid məntəqəsinin inkişafına dəstək”

“Qırmızı körpü” sərhəd-keçid məntəqəsinin inkişafına dəstək”

Bu gün Avropa İttifaqının maliyyə dəstəyi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə birgə icra etdiyi "Azərbaycan və Gürcüstan arasında "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" lahiyəsinin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Komitə sədrinin müavinləri və idarə rəisləri, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam M. İsaczai, Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard, Gürcüstan Respublikası Maliyyə Nazirinin 1-ci müavini, Gürcüstan Gömrük Xidmətinin rəhbəri Giorgi Tabuaşvili və bir sıra Avropa ölkələrinin Azərbaycandakı səfirliklərinin rəhbərləri və nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan BMT-nin Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev lahiyə barədə məlumat verərək bildirib ki, məqsəd hər iki ölkənin gömrük əməkdaşlarının potensialının gücləndirilməsi, idxal-ixrac əməliyyatlarının sürətləndirilməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, sanitar və fitosanitar xidmətlərin təkmilləşdirilməsidir.

Daha sonra tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev qloballaşan dünyada ticarət əlaqələrinin sürətləndirilməsi və asanlaşdırılmasının prioritet məsələlərdən biri olduğunu bildirib və gömrük sisteminin bu sahədəki rolundan bəhs edib.

Gömrük orqanlarının səmərəli fəaliyyəti üçün vacib 3 əsas amilin- mütərəqqi ideyalara cavab verən qanunvericiliyin, maddi-texniki bazanın və müasir biliklərə malik kadrların olmasının vacibliyini vurğulayan Aydın Əliyev Azərbaycanın bu istiqamətdə gördüyü işlər barədə tədbir iştirakçılarına qısa məlumat verib. Ölkəmizdə gömrük sisteminin modernləşdirilməsinə dövlət başçısı səviyyəsində yüksək qayğı göstərildiyini qeyd edən Komitə sədri bunun nəticəsi olaraq Azərbaycan gömrüyünün artıq elektron bəyannamələrin tətbiqinə start verdiyini və yaxın günlərdə "Yaşıl dəhliz"in tətbiqinə başlanacağını qeyd edib.

BMT olaraq bu lahiyədə Azərbaycan və Gürcüstanla tərəfdaşlığın önəmini vurğulayan bu qurumun ölkəmizdəki rezident əlaqələndiricisi Qulam M. İsaczai 5 il boyunca bu lahiyəyə dəstək verəcəklərini bildirib. BMT təmsilçisi onu da qeyd edib ki, bu lahiyə hər iki ölkənin sanitar və fitosanitar sahədə bacarıqlarının inkişafına, gömrük keçid məntəqəsinin isə müasir standartlara uyğunlaşdırılaraq beynəlxalq əhəmiyyətinin artmasına şərait yaradacaq. Azərbaycan Gömrük Xidməti ilə təmsil etdiyi qurumun 1999-cu ildən uğurlu əməkdaşlıq etdiyini vurğulyan BMT təmsilçisi qarşılıqlı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Bakıda olmaqdan məmnunluq duyduğunu bildirən Gürcüstan Respublikası Maliyyə Nazirinin 1-ci müavini, Gürcüstan Gömrük Xidmətinin rəhbəri Giorgi Tabuaşvili bu lahiyənin hər iki ölkənin sərhədlərinin təhülkəsizliyinin təminatına, gömrük əməkdaşlığının, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə töhfə verəcəyini ifadə edib.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard Avropa ilə Asiyanın arasında yerləşən Azərbaycan və Gürcüstanın həm də iki bölgə arasında ticarətin asanlaşdırılması və sürətləndirilməsində mühüm rol oynadıqlarını bildirib. Hər iki ölkənin "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinin müasirləşdirilməsi istiqamətində öz təkliflərini irəli sürdüklərini bildirən Malena Mard lahiyənin sərhədlərin təhlükəsizliyinin gücləndirilməsində, əmtəə və xidmət keçidlərinin asanlaşdırılmasında mühüm rol oynayacağını qeyd edib.

Tədbirdə Azərbaycan Gömrük Xidmətinin əməkdaşı Fərid Vəliyev və gürcüstanlı həmkarı Samson Uridia təqdimatlarla çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə