Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə millət vəkilləri, ziyalılar və hökumət nümayəndələri iştirak edib.
Tədbirdən öncə Ulu Öndərin abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub.
Mərasim Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarxın nümayişi ilə başlayıb.
Tədbirin açılışını edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov dahi siyasi xadim Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə gördüyü işlərdən danışıb: "Heydər Əliyev iqtisadi cəhətdən geridə qalmış dövləti SSRİ-nin ən qabaqcıl ölkələri ilə bir səviyyəyə yüksəltdi. Ulu Öndər ikinci dəfə hakimiyyətə gələndə Azərbaycanda hərc-mərclik hökm sürürdü. O, parçalanmaqda olan Azərbaycanı Qərbin və Rusiyanın təzyiqlərindən qurtarmağa müvəffəq oldu. Heydər Əliyevin uğurlu neft strategiyası Azərbaycanı ən inkişaf etmiş dövlətə çevirdi. Ölkəmizin bu gün bəşəri əhəmiyyətə malik beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Ümummilli Liderin siyasi fəaliyyətinin nəticəsidir".
Çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Məmmədovun sözlərinə görə, Heydər Əliyevin xidmətlərini müstəqil Azərbaycan dövləti ilə eyniləşdirmək olar. O, fransız sosioloqlarının dövlətçilik ənənələri haqqında "Dövlət xalqın siyasi təşkilat formasıdır" tezisini tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, Heydər Əliyev xalqı siyasi cəhətdən təşkilatlandırmaq missiyasını üzərinə götürən liderdir: "Ulu Öndər liderliyin bütün təsnifatlarını özündə cəmləşdirirdi. 90-cı illərdə ölkədə müxtəlif, çoxsaylı sosial təbəqələr var idi. Azərbaycan daxili mikrostrukturlu deqradasiyaya uğrayırdı. Heydər Əliyev etimad mühitinə söynərək xalqı vahid ideologiya altında birləşdirdi, Azərbaycanı funksional dövlətə çevirdi. Siyasi xadim tarixi ənənələrini qoruyan mühafizəkar, amma liberal dövlət yaratdı".
Hikmət Məmmədov həmçinin, qeyd edib ki, son günlər ölkəmizdə keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, cəbhənin təmas xəttində baş verən gərginliklər Azərbaycanın gücünü bütün dünyaya sübut etdi.
Millət vəkili Aydın Hüseynov çıxış edərək Ümummilli Liderin siyasi fəaliyyətinə nəzər salıb: "Heydər Əliyev SSRİ-nin dövlət təhlükəsizlik sistemində general-mayor rütbəsinə qədər yüksəldiyi zamanlarda artıq azərbaycançılıq idealogiyasını formalaşdırmağa başlamışdır. Ulu Öndər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçiləndə Ümummilli liderlə bərabər, partiyada başqa liderlər də var idi. Müəyyən zaman keçəndən sonra həmin siyasi rəhbərlər arxivə qovuşdu. Lakin Heydər Əliyev bu gün də yaşayır. Hələ 1969-cu ildə Azərbaycan SSRİ-də ən geridə qalmış aqrar ölkə idi. Ümummilli Lider qısa müddətdə Azərbaycanı sənaye ölkəsinə çevirdi. Ulu öndər yenidən hakimiyyətə gəlməsəydi, ölkədə 1920-ci illərdə baş verən hadisələr təkrar olunacaqdı. Bu gün Azərbaycan tolerant, inkişaf etmiş dövlətlərlə ayaqlaşan, yeni modelə sahib ölkədir. Bu, Heydər Əliyevin və onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin uğurlu strategiyasının məhsuludur".
"Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək qeyd edib ki, Heydər Əliyev güclü siyasi lider olmaqla yanaşı, eyni zamanda, hərtərəfli formalaşmış, intellektual şəxsiyyət idi: "Hələ 1967-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışaraq Azərbaycanın milli kimliyini qorumaq çox çətin və məsuliyyətli iş idi. Ulu Öndər bu vəzifəni icra edərək milli ruhlu, vətənpərvər insanları SSRİ-nin xüsusi xidmət orqanlarının repressiya maşınından qurtarmağa müvəffəq oldu. 1969-cu ildən Azərbaycanın rəhbəri kimi ölkədə yeni sənaye müəssisələri inşa etdirdi, savadlı kadrların formalaşmasına şərait yaratdı. Ulu Öndər Heydər Əliyevin liderlik xüsusiyyətlərini təhlil etdikdə müəllim, həkim, hərbçi, siyasətçi, memar kimi də xarakterizə etmək olar. O, müəllim kimi vətəni xalqa sevdirməyə, həkim kimi 1918-ci ildən qanayan yaranı sağaltmağa müvəffəq oldu. Dahi lider həm də General kimi Vətənin müstəqilliyi yolunda canından keçməyə hazır idi. Ulu öndər eyni zamanda, nəhəng siyasətçi olaraq dünyanı idarə etmək iqtidarında idi.
Heydər Əliyev Azərbaycan xalqına müstəqil, hüquqi dövlətlə yanaşı, Prezident İlham Əliyev kimi güclü siyasi lider miras qoydu. Bu gün biz öz gücünü dünyada təsdiqləyən bir ölkənin vətəndaşlarıyıq və bu şərəfli ideologiyaya xidmət etməkdən qürur duyuruq".
Sonda Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov İlham Əliyevin siyasi fəaliyyəti haqqında qısa məlumat verərək tədbiri yekunlaşdırıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB