“Boşanmaların sayı narahatedici həddədir” QHT sədri

“Boşanmaların sayı narahatedici həddədir” QHT sədri

Hüquqi və Demokratik İslahatlar Mərkəzi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə dəyərlərinin və sağlam ailə modelinin təbliğində maarifləndirmə" layihəsinin icrasına başlayıb. SİA-nın verdiyi məlumata görə, bununla əlaqədar Məmməd Rahim adına 7 saylı orta məktəbdə mətbuat konfransı keçirilib.

Layihənin rəhbəri İlham Əliyev problemin aktuallığından danışıb. Qeyd edib ki, bu gün dünyada tarixən formalaşmış ailə modeli, mental dəyərlər öz mövcudluğunu itirməkdədir: "Hazırda dünyada 52 faiz ailələrdə valideynlər və yaşlı nəslin nümayəndələrinin əksəriyyəti qismən, 5 faiz isə xalqın adət-ənənəsinə heç əməl etmir. Digər tərəfdən, daimi olaraq, bu ənənələrin nəzərə alınmadığı ailələrin sayı 47 faizdir. Bunun təsiridir ki, artıq məktəblilərin 50 faizdən çoxu adət-ənənəyə sadiqliyi vacib saymır. Ailələrdə boşanmaların sayı da kifayət qədər böyük rəqəmlə ölçülür. Bununla bərabər ailələrdə məişət zorakılığı hallarının mövcudluğu da dünyada ən ağrılı problemlərdən sayılır. Təbii ki, ailədaxili münaqişələr uşaq psixologiyasına da təsirsiz ötüşmür. Əksər hallarda münaqişəli ailələrdə böyüyən uşaqların gələcəkdə çox saylı problemləri ortaya çıxır. Gözünü açdıqda ailədə dəhşət, münaqişə, mübahisə görən azyaşlı müəyyən müddət keçdikdən sonra aqressivləşir, hər kəsə, hər şeyə daha sərt reaksiya göstərməyə başlayır".

Azərbaycan xalqının əsrlər boyunca nümunəvi ailə modeli yaratdığına diqqəti çəkən 7 saylı orta məktəbin müəllimi Elmira İbrahimova deyib ki, böyük-kiçiyə və qadına hörmətlə yanaşmaq kimi mədəniyyətimiz və heç bir başqa xalqda olmayan dəyərlərimiz var, ancaq dünyada baş verən ictimai-siyasi təlatümlər, müasir dövrün yenilikləri, fərqli ailə modelinin formalaşması Azərbaycan ailələrinə də təsirsiz ötüşməyib: "Statistikaya əsaslanaraq müasir Azərbaycan ailəlilərin də doğumun azalmasını, boşanmaların çoxalmasını, doğumdan imtinanı, ailəsiz uşaqların sayının artması və s. kimi problemləri misal olaraq göstərmək olar. Beləliklə, ailə milli-mənəvi dəyərlərin daşıyıcısı funksiyasını get-gedə itirir".

Məktəbin müəllimi Ağasəlim Əhmədov internetin, sosial şəbəkələrin ailə insititutun dağılmasında oynadığı mənfi rola diqqəti çəkib və gəncləri ehtiyatlı olmağa çağırıb: "İnternet əsrində yaşayırıq, sosial şəbəkələr günümüz reallığıdır. Ancaq sosial şəbəkələrin mənfi təsirləri də var. Məktəb, valideynlər gərək gəncləri maarifləndirsin, onları internetin mənfi təsirindən uzaq tutsunlar".

Məktəblilərdən Gülüstan Muxtarova, Zöhrə Namazlı qeyd ediblər ki, ailələrin uğursuz qurulmasının əsas məsuliyyəti gəncləri qohumla evlənməyə məcbur edən köhnə fikirli valideynlərin üzərinə düşür.

HDİM sədri deyib ki, 3 ay ərzində layihə çərçivəsində Bakıda, Xaçmaz, Şirvan, Yevlax şəhərlərində dəyirmi masalar keçiriləcək, cəmiyyətin diqqəti sağlam ailə modelinin qorunması probleminə çəkiləcək. Layihə çərçivəsində yeniyetmələr, gənclər, valideynlər hüquq və azadlıqları, vəzifə və səlahiyyətləri ilə bağlı ətraflı məlumatlandırılacaq. Layihə çərçivəsində "Səs" internet TV- də "Hüquqi yardım" adlı veriliş hazırlanacaq, "Səs", "Hərbi and", "Olaylar" qəzetlərində davamlı rubrikalar təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə