Firudin Nəbiyev: "Bəzi şirkətlərdə müavinlərin sayı 12-14 nəfərdir" AÇIQLAMA

Firudin Nəbiyev: "Bəzi şirkətlərdə müavinlərin sayı 12-14 nəfərdir" AÇIQLAMA

"Xarici vətəndaşların Azərbaycana gəlməsi, iş adamlarının investisiya yatırması sevindiricidir amma daxili bazar düzgün tənzimlənməlidir. Azərbaycanda əməkçi miqrantlar üçün kvota qoyulub. Mayın 15-dək şirkətlərin müraciətləri əsasında yerli mütəxəssislər tapılmırsa, xarici əmək miqrantı işə cəlb oluna bilər". Bunu SİA-ya açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.

O bildirib ki, 2013-cü ildə qəbul olunan Miqrasiya Məcəlləsi vahid qanunvericilik sənədi kimi qəbul olunub: "Elə məsələlər var ki, yenidən müzakirələrə açıqdır. Azərbaycan son illər ərzində sosial-iqtisadi inkişafda olduğundan, sabitlik hökm sürdüyündən xarici iş adamlarının ölkəyə axını sürətlənib. 90-cı illərdə ölkəni tərk edənlər artıq Vətənə qayıdırlar".

Xidmət rəisinin sözlərinə görə, şirkətlərdə bəzi hallarda 50-60 işçi olduğu halda direktor müavinlərinin sayı 12-14 nəfərə çatır: "Əslində isə 3 müavindən artıq ola bilməz. Son iki ayda üç mütəşəkkil miqrant dəstəsi saxlanılıb. Avropada miqrant böhranı baş alıb gedir. Azərbaycanda xarici vətəndaşların yaşaması üçün maneələr yoxdur. Millətlərarası münasibətlər yaxşı qurulub. Dövlətin imicinə xələl gətirəcək hər hansı hərəkətin edilməsinə imkan verilməyəcək. Şirkətlər tərəfindən mütəxəssislər cəlb edilərkən azərbaycanlı vətəndaşlar nəzərə alınmır. Enerji sektorunda çalışanların 10%-i yerli şəxslərdir. Bəzi hallarda ixtisara düşən Azərbaycan vətəndaşları yerinə xarici vətəndaş gətirilir. Azərbaycanda ilk növbədə Azərbaycan vətəndaşları işlə təmin olunmalıdır".

Firudin Nəbiyev qeyd edib ki, qeyri-qanuni işə qəbul olunmaya görə cərimələr nəzərdə tutulub: "Bir nəfərdən üç nəfərə qədər qanunsuz işə qəbul olunmağa görə şirkətə 15-20 min manata qədər, şirkət rəhbərinə isə 3-5 min manata, 3-dən artıq şəxsə görə şirkətə 30-35 min manat, rəhbər şəxsə 5-8 min manat cərimə nəzərdə tutulur. Bütün bunlar barədə regionlarda məlumatlandırma xarakterli görüşlər keçirilir".

Xidmət rəisi onu da əlavə edib ki, ASAN xidmətlə korrupsiya və süründürməçiliyə qarşı elektron formada əməkdaşlıq qurulub: "Vahid Miqrasiya Məlumat sistemi ilə miqrantın qayıtmasından tutmuş ölkəni tərk edənədək nəzarətdə saxlanılması mümkün olub. Bu gün respublikada firmalar tərəfindən dəvət edilən xarici vətəndaşlar qanunsuz cəlb olunduğu təqdirdə dərhal aşkarlanır. 3 ay respublikamızda qalıb çıxdıqda müvəqqəti yaşayışı, iş üçün icazəsi olmayan şəxsin 3 ay ölkəyə daxil olması qadağan edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə