İstehlakçı məhsulun zəhərli olduğunu müəyyən edə bilərmi? RƏY

İstehlakçı məhsulun zəhərli olduğunu müəyyən edə bilərmi? RƏY

Gündəlik qida rasionumuzda istifadə etdiyimiz qida məhsullarının müəyyən hissəsi xaricdən idxal olunur. Lakin onların içərisində keyfiyyətli məhsullarla yanaşı, keyfiyyətsiz məhsullara rast gəlinir. Ən qorxulusu isə həmin məhsulların xəstəlik mənbəyi olmasıdır. Ötən gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Türkiyə Respublikasından Azərbaycana daxil olan 750 kiloqram ərzaqlıq lobya məhsulunda xəstəlik aşkar edilməsi ilə bağlı məlumat yaymışdı. Mövsümlə əlaqədar insanların çox hissəsinin lobyadan istifadə etdiyini nəzərə alsaq, o zaman minlərlə insanın təhlükə ilə üz-üzə qaldığını deyə bilərik. Bəs bunun qarşısını necə alaq? İstehlakçı zəhərli malı özü müəyyən edə bilərmi?

Bu barədə SİA-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda əmtəə bazarında satılan istənilən məhsulun 2 sertifikatı olmalıdır: "Birinci gigiyenik, ikincisi isə uyğunluq sertifikatı adlanır. Əslində gigiyenik sertifikat məhsulun təhlükəsizliyinə təminat verməlidir. Lakin bəzən bu sertifikatlar da məhsulun tam təhlükəsiz olduğunu sübut etmir. Ola bilər ki, yoxlanılan mal partiyası yaxşı olsun, digər mallar isə təhlükəli".

Birlik sədrinin sözlərinə görə, istehlakçılar istənilən məhsul alarkən öz hüquqlarını tələb etməlidirlər: "Təxminən 5 gün öncə marketlərin birində mövsümlə əlaqədar Azərbaycan bazarına yeni daxil olan lobya məhsulunu müşahidə etdim. Məhsula toxundum, lakin birmənalı şəkildə almaqdan imtina etdim. Satıcıdan onun sənədlərinin olub-olmadığını soruşduqda məlum oldu ki, məhsulun heç bir sənədi yoxdur. Nəticə etibarı ilə məlum oldu ki, Türkiyədən Azərbaycana gətirilən lobyada xəstəlik aşkar edilib. Bu cür halların qarşısını almaq üçün Ölkə Başçısının da söylədiyi kimi, ictimai nəzarət gücləndirilməlidir. Bundan əlavə istehlakçılar da məhsul alarkən öz hüquqlarını tələb etməlidirlər. Alıcı məhsulun sertifikatını tələb etməlidir ki, məhsulların sənədləşdirilməsi vacib faktora çevrilsin. Hazırda əlimdə 800-ə qədər mal və xidmətin siyahısı var ki, onlar sertifikatlaşdırılmadan satılır. Bu, həddindən artıq təhlükəlidir".

E. Hüseynov qeyd edib ki, xaricdən gələn məhsullar ilk növbədə gömrükdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən yoxlandıqdan sonra daxili bazara ölkəyə buraxılmalıdır: "İstehlakçı zəhərli malı çətin müəyyən edə bilər. Malların keyfiyyətini yoxlamaq üçün tester cihazları var ki, istehlakçı yalnız bu cihazlar vasitəsilə məhsulun tərkibini müəyyən edə bilər. Bundan əlavə alıcı məhsulda olan çürüməyə, kiflənməyə fikir verməlidir. Əgər məhsulda belə hallar varsa, onu almaq olmaz. İstehlakçılarla yanaşı bu məsələyə satıcılar da diqqət etməlidirlər. Onlar malı aldıqları yerdən məhsula dair sənəd tələb etməli və onu alıcısına təqdim etmək üçün özündə saxlamalıdır".

Hər bir məhsulun özünün saxlanma şəraiti və temperaturu olduğunu deyən E. Hüseynov vurğulayıb ki, ilkin bazara çıxarılan kənd təsərrüfatı malları 18 dərəcə temperaturda, soyuducu şəraitində saxlanmalıdır: "İstehlakçılar isə aldıqları məhsulları uzun müddət saxlamamalı, tez zamanda bişirməli, ikinci dəfə dondurduqdan sonra yeməməli, ən əsası isə soyuducuda saxlamalıdır".

Birlik sədri əlavə edib ki, ümumiyyətlə, kənd təsərrüfatı məhsullarını ən çox 10 gün saxlamaq mümkündür: "Xüsusilə də paxlalı, lobya kimi məhsulları 10 gündən artıq saxlamaq olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə