Müstəqil Azərbaycan Respublikasının memarı Ümummilli Lider Heydər Əliyev Azərbaycan gəncliyinə xüsusi diqqət-qayğı göstərərək onlara böyük inamını ifadə etmiş, ölkənin gələcəyinin onların çiyinləri üzərində qurulacağını bildirmiş, ictimai-siyasi həyatın bütün sferalarında gənclərin daha aktiv iştirakının təmin edilməsini prioritet istiqamət kimi müəyyən etmişdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. "Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq". Bu sözlərlə gəncliyə olan etimadının, diqqətinin sonsuz olduğunu göstərən Ulu Öndər Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr qoymuşdu.
Bu gün Azərbaycan gəncliyi Ulu Öndər yolunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyində, ictimai həyatın müxətlif sahələrdə aktiv şəkildə iştirak edir, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edirlər. Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyasını Gənclər Birliyində toplaşan böyük gənclik ordusu Azərbaycan gəncliyinin avanqard hissəsini təşkil edir. Onlar dahi şəxsiyyət Heydər Əliyev siyasi xəttinə sadiq qalaraq cənab Prezidentin ətrafında sıx şəkildə birləşib Azərbaycanın uğurlarında yaxından iştirak edirlər. SİA YAP Gənclər Birliyi Ofisinin koordinatorlarının fikirlərini təqdim edir:
Aytən Hüseynova, YAP Gənclər Birliyi Ofisinin koordinatoru:
"Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcək". Ulu Öndər Heydər Əliyevin söylədiyi bu fikirlər heç də təsadüfi deyil. Hazırki dövrdə Azərbaycanın bütün sahələrdəki inkişafı, daxili və xarici siyasəti, dünyada yürütdüyü siyasi mövqeyi bu fikrin təzahürüdür. Çünki bu siyasi kursun əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Həmin siyasi xətt-fəaliyyət prinsipi 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiyanın əsas qayəsi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə başlanıldı. Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi sayəsində o dövrdə sovet Azərbaycanının tarixində böyük dönüş yaratmışdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu siyasi kurs daha dərindən davam edib. Hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən Ulu Öndərin qoyduğu siyasi xətt Azərbaycanı daha da inkişaf etdirir, gücləndirir və beynəlxalq nüfuzunu artıraraq dünyada söz sahibi edir. Biz gənclər də daima ölkə başçımızın ətrafında sıx birləşərək ölkəmizin uğurlarına töhfə verməyə çalışacağıq. Müstəqil və güclü Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyev xalqının qəlbində daim yaşayacaq!
Elmar Məmmədov, YAP Gənclər Birliyi Ofisinin koordinatoru:

1993-cü ildə Azərbaycan xalqını rəzalətdən və qardaş qırğınından, Azərbaycan dövlətini iflas və parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev illər sonra bizə möhkəm özüllü, istiqrarlı, sabit inkişafı təmin edilmiş bir dövlət qoyub getdi. Heydər Əliyevin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyunu Azərbaycanın yeni tarixini bütün mənalarda ikiyə böldü. Arxada total psixoz, dərəbəylik "hakimiyyəti" və siyasi hikkələrin girovuna çevrilmiş Azərbaycan dövlətçiliyinin qaranlıq perspektivi, irəlidə isə sabitlik, inam, arxayınçılıq və Azərbaycan dövlətçiliyinin qurtuluşu vardı. Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıtması tarixi zərurətin, sabitlik, qanunçuluq və ədalət intizarında olan milyonlarla insanın çağırışının gerçəkləşməsi idi. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli- Azərbaycan modeli yaradılmasıdır. "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm" - Heydər Əliyev hakimiyyətə bu sözlərlə qayıtmışdı və ömrünün sonunadək bu sözlərə sadiq qaldı. Azərbaycan xalqı illərdir ki, qəlbində əbədi heykəlini qoyduğu Ulu Öndərin cismani yoxluğunu onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək yad edir. Heydər Əliyevin həyatdan gedişi bizim üçün nə qədər ağır olsa da, özümüzü bir tarixi gerçəklə ovundura bilərik: Bu, Heydər Əliyevin qurduğu və bizlərə etibar etdiyi Azərbaycan dövlətidir. Bu dövlət hər ili başa vurduqca, onun hər uğurunun üzərinə yenisi əlavə olunduqca Heydər Əliyevin ruhu şad olacaq. Xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından "Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olub.
Fərid Nəsibov, YAP Gənclər Birliyi Ofisinin koordinatoru:
Tarixi şəxsiyyət, böyük ideoloq, ictimai-siyasi xadim, zəngin mənəviyyat daşıyıcısı, təmiz əxlaq nümunəsi, azərbaycançılıq etalonu sayılan Heydər Əliyev bu gün Azərbaycanın bu cür çiçəklənməsi üçün, güclü inkişafı üçün qurduğu münbit və sağlam Azərbaycan artıq dünya miqyasında sözünü deməyə qadir bir ölkəyə çevrilib. Heydər Əliyevi böyük siyasətçilərdən fərqləndirən üstün cəhətlərdən biri onun öz ideologiyasını real həyata tətbiq etməklə, ictimai-sosial prosesləri xeyirli istiqamətə yönəltmək, alınan nəticələri elmi şəkildə ümumiləşdirmək bacarığına sahib olması idi. Heydər Əliyevin Azərbaycanın prezidenti (1993-2003-cü illər) və Yeni Azərbaycan Partiyasının sədri olduğu müddətdə (1992-2003-cü illər) əldə olunmuş təcrübə söylədiyim fikrin tam sübututdur. Say etibarilə Heydər Əliyev ölkənin 3-cü (və 4-cü) prezidenti hesab olunsa da, əslində o, suveren, demokratik Azərbaycan Respublikasında prezident idarəçilik instititunun ilk yaradıcısı, banisi olub.Heydər Əliyevdən əvvəlki prezidentlərin müstəqil elmi ideologiyaların və buna uyğun siyasətlərinin olmaması, onların labüd məğlubiyyətləri ilə nəticələndi. Hər ikisi vəzifələrini qoyub xəlvəti yolla prezident aparatını tərk etmişdi. Biri Rusiyaya, ikincisi isə Kələki kəndinə qaçıb xalqdan gizlənmişdi. Hər ikisi ölkənin ən ağır dövründə dövləti başsız qoymuş, öz başlarının hayına qalmışdı. Ona görə xalq Heydər Əliyevin dövlət başına gətirilməsini tələb etdi və istəyinə nail oldu. Azərbaycan dövlətinin başçısı seçilməsi Azərbaycan xalqının taleyində dönüş oldu. Heydər Əliyevin prezidentliyinin Azərbaycana, Azərbaycan xalqına, etnik azlıqlara, Azərbaycan ailəsinə, hər bir Azərbaycan vətəndaşına, bütün dünya azərbaycanlılarına, ümumən insanlığa nə verdiyini misallarla göstərmək, gündəlik olaraq qarşılaşdığımız, gördüyümüz ətrafımız, suverenlik, sabitlik və s. məhz onun məhsuludur. Heydər Əliyevin prezidentlik fəaliyyətinə, ümumiyyətlə onun həyat və fəaliyyətinin mahiyyətinə bu qədər marağın yaranması da təsadüfi deyil. Nəzərə alsaq ki, Heydər Əliyev XX əsrdə və XXI əsrin əvvəllərində ictimai-siyasi-sosial məkanda birgə fəaliyyət göstərdiyi şəxslər arasında müqayisə oluna bilməyən özünəməxsusluğunun zənginliyi, dərin dərrakəsi, güclü məntiqi, nümunəvi davranışı ilə fərqlənən tarixi şəxsiyyət idi və ən çətin vəziyyətlərdən uğurla çıxmağı bacarmışdı, deməli həyatda uğur qazanmağa cəhd göstərən istənilən şəxs istər-istəməz Heydər Əliyev irsinə üz tutmağa məhkumdur.
Əli Qənbərli, YAP Gənclər Birliyi Ofisinin koordinatoru:
Ölkədəki acınacaqlı durum, böhranlı vəziyyət, anarxik şərait... Bütün bunlar 20-ci əsrin son onilliyinin əvvəlində yenicə müstəqillik əldə etmiş Azərbaycan adlı ölkənin real mənzərəsini canlandırırdı. Müstəqilliyini yenicə qazanmış respublikanın, bu müstəqilliyi uzun müddət qoruya biləcəyi hər kəsdə şübhə doğururdu. Belə bir vəziyyətdə uzun illər ərzində Azərbaycana müstəsna xidmətlər göstərmiş bir şəxsiyyət, Heydər Əliyev xilaskarlıq missiyasını üzərinə götürdü. Zəngin təfəkkürə malik, ideyalarına sadiq, xalqa xidməti özünün həyat amalına çevirən bu şəxsiyyət Azərbaycan adlı güclü bir dövlət yaratdı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi gündən, Azərbaycanın bütün sahələrində inkişaf hiss olunmağa başladı. Ölkədəki durğunluq siyasi və sosial-iqtisadi yüksəlişlə əvəz olundu. Yüksək potensiallı, istedadlı, kütlə maraqlarını şəxsi maraqlardan üstün tutan şəxslər dövlət idarəçiliyində yüksək vəzifələrə təyin olundular. Heç şübhəsiz ki, Azərbaycan adlı dövlətin uğur nərdivanının ilk pillələri-təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. O, öz arzusuna çatdı. Azərbaycanı müstəqil, güclü, çiçəklənən bir dövlətə çevirdi. Azərbaycan adı səslənəndə balacadan böyüyə, hər kəs məhz onu düşünür. Bu gün Ulu Öndər Heydər Əliyev cismani aramızda olmasa da, onun ideyaları yaşayır. Nə qədər ki, Azərbaycan xalqı var, bu ideyalar əbədi olacaqdır! Bu ideyalar isə Azərbaycanı daha da çiçəkləndirəcək, daim tərəqqiyə doğru aparacaq. Azərbaycan xalqı xoşbəxtdir ki, onun dahi şəxsiyyət Heydər Əliyev kimi Ümummilli Lideri var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB