SOCAR və onun tərkibində fəaliyyət göstərən Bakı Ali Neft Məktəbi (BANM) Abu Dabi Neft İnstitutu ilə əməkdaşlığa hazırdır. SOCAR-ın mətbuat xidmətindən SİA-ya bildirilib ki, bu fikirlər mayın 3-də şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun Abu Dabi Neft İnstitutunun prezidenti Tomas Con Qlas Hoçstetleri ilə keçirdiyi görüşdə səsləndirilib.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyasının qazandığı uğurlardan danışan X.Məmmədov SOCAR-ın fəaliyyəti, həyata keçirdiyi qlobal və regional əhəmiyyətli layihələr haqqında qonağa ətraflı məlumat verib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Bakı Ali Neft Məktəbinin 4 ildir ki, SOCAR-ın tərkibində fəaliyyət göstərdiyini söyləyən X.Məmmədov bu ali təhsil ocağının yaranma zərurətindən və əldə etdiyi uğurlardan söz açıb, BANM-in "Herriot Watt" universitetlər sistemi şəbəkəsində özünə yüksək mövqe qazandığını söyləyib. O, Məktəbin professor-müəllim heyəti tərəfindən yeni tipli və yüksək keyfiyyətli tədris proqramları və dərsliklər yaradıldığını vurğulayıb, BANM-in nəzəriyyə ilə təcrübənin vəhdətinə əsaslanan spesifik tədris üslubuna malik bir ali təhsil ocağı olduğunu bildirib.
Abu Dabi Neft İnstitutunun prezidenti Tomas Con Qlas Hoçstetleri rəhbərlik etdiyi universitetin 2000-ci ildən fəaliyyət göstərdiyini söyləyib və BANM ilə əməkdaşlıq perspektivlərindən söhbət açıb.
X.Məmmədov SOCAR-ın və onun tərkibində fəaliyyət göstərən BANM-in qarşılıqlı əməkdaşlığa hazır olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB