Hafiz Paşayev “Şərəf” ordeni ilə təltif edilib

Hafiz Paşayev “Şərəf” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə Hafiz Mir Cəlal oğlu Paşayev "Şərəf" ordeni ilə təltif edilib.

Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmişdir.

1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmişdir.

1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olmuşdur. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975-1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmişdir.

1993-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilmişdir.

100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Xarici dillərdən ingilis və rus dillərini bilir.

Evlidir, iki övladı, dörd nəvəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə