Əli Məsimli: "Azərbaycan dini və mədəni dəyərlərə sadiqdir”

“Beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi mədəni dəyərlərə sadiqliyimizi göstərir”

"Bu həftə ölkəmizdə iki mötəbər tədbirin keçirilməsi göstərdi ki, Azərbaycan özünün bayrağında həkk olunmuş dini və mədəni dəyərlərə nə qədər sadiqdir". Bu fikirləri SİA-ya millət vəkili Əli Məsimli deyib.

O bildirib ki, həm BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda, həm də Şəkidə baş tutan "Türk dünyasının mədəniyyət paytaxtı-Şəki 2016" ilinin təntənəli açılış mərasimində iştirak edən xarici qonaqlar ölkəmizdə mövcud olan multikultural dəyərləri, eləcə də tolerantlığı öz gözləri ilə görmüş oldular: "Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Azərbaycan və Türkiyə prezidentlərinin mesajları bir daha göstərdi ki, milli, irqi, dini fərqlilik ayırıcı deyil, birləşdirici faktorlardır. Forumun iştirakçılarının daha sonra Şəkidəki beynəlxalq tədbirə qatılmaları Azərbaycana verilən dəyər və yüksək qiymət idi. Onlar gördülər ki, Azərbaycan xalqı milli dəyərlərini minilliklər boyu qorumağa qadirdir. Şəkinin timsalında onlar 3 min il yaşı olan qədim muzeylərlə tanış olub, Azərbaycan tarixi haqqında mühüm məlumatlar öyrənmiş oldular. Bundan əlavə, onlar həm Bakıda, həm də Şəkidə ölkəmizin qonaqpərvərliyinin şahidi oldular, eləcə də mətbəximizin ləziz təamlarından dadıb, qədim abidələrimizlə tanış oldular".

Millət vəkilinin sözlərinə görə, dünya ölkələri xüsusilə də türkdilli ölkələr daha sıx olmalı, ortaq dəyərlərinin birləşdirməyə çalışmalıdırlar: "Əgər biz inteqrasiyamızı gücləndirə, beynəlxalq təşkilatlarda bir-birimizi daha yüksək səviyyədə müdafiə edə, öz dəyərlərimizi inkişafın ciddi faktoruna çevirə bilsək o zaman belə bir qüdrətə, birliyə malik olan ölkələrin ərazisini nə işğal etmək, nə də işğalda saxlamaq mümkün olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...