Sumqayıt xoşbəxtlərin, gözəl insanların, ayrı-ayrı millətlərdən olan xalqların birlik, həmrəylik şəhərdir. Sumqayıt kiçik bir Azərbaycandır.
Heydər Əliyev
Sumqayıtın şəhər statusu almasından artıq 67 il ötür. Bu şəhərdə yaşadığım 40 illik həyatım bir kino lenti kimi gözlərimin qarşısından keçir. Sumqayıt, mənim kimi minlərlə insanların tale şəhəridir. Bu həmin şəhərdir ki, vaxtı ilə əhalisinin sayına, sənaye müəssisələrinin istehsalına, potensial gücünə, gözəlliyinə, səliqə-sahmanına görə Zaqafqaziyada Bakı və Tibilisidən sonra 3-cü şəhər sayılırdı. Bu həmin şəhərdir ki, adına əfsanələr qoşulub, romanlar, pyeslər, şeirlər, dastanlar, mahnılar yazılıb. Ssenarilər əsasında sənədli, bədii kinofilmlər çəkilib və tamaşalar hazırlanıb. Buradakı xarüqələri, gözəllikləri görmək üçün dünyanın hər yerindən minlərlə insanlar gəlib və bu gözəlliklərdən məmnun olublar.
.jpg)
Gecə yarısına, bəzən də səhərə kimi, burada insanlar kinoteatrlarda, klublarda, konsertlərdə və başqa maraqlı tədbirlərdə böyük həvəslə iştirak edir, qayğısız ömür sürür, böyük istək və həvəslə zavodlarda, fabriklərdə, tikinti meydançalarında işləyir, yorulmaq nə olduğunu bilmirdilər. Axşamlar işdən sonra sumqayıtlılar böyük coşqu ilə bayramsayağı bəzənib, gül-çiçəklə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının, Sumqayıt Gənjlərinin Xalq Teatrının, Cəfər Cabbarlı, Səməd Vurğun, Nəriman Nərimanov, 28 may ( keçmiş Oktyabr), İnşaatçılar adına mədəniyyət evlərindəki, Dostluq, Veteran, Gənclik klublarının bədii özfəaliyyət, musiqi kollektivlərinin, Xalq teatrlarının, Teatr-Studiyaların və eləcə də bu şəhərə qastrola gələn məşhur kollektivlərin, tanınmış incəsənət, ədəbiyyat xadimlərinin çıxışlarına, bir-birindən maraqlı kinofilmlərə baxmaq üçün böyük həvəslə, gül-çiçək dəstələri ilə gəlirdilər. Həmin vaxtlar sumqayıtlılar istirahət saatlarını çox mənalı keçirirdilər. O vaxtlar şəhərdə yaşayan insanların sifətində bir doğmalıq, sevinc, xoş əhval-ruhiyyə vardı. Onlar bahar, yay, payız aylarında, istarahət və bayram günlərində ellilikcə, kollektivlə dəniz kənarındakı parka gəlir, hər kollektiv bir tərəfdə süfrə açıb, ailəlikcə, dostlarla, tanışlarla bir qismət çörək kəsir, Nəsimi adına parkdakı Yay Estrada səhnəsində və özlərinin həyət meydançalarında göstərilən konsertlərə, əyləncəli proqramlara maraqla tamaşa edirdilər. Bu tədbirlərin keçirilməsində ən aparıcı qüvvə Zakir Fərəcovun rəhəbrlik etdiyi Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri, Sumqayıt Gənjlərinin Xalq Teatrı və Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının kollektivləri idi. Onlar birlikdə həftənin 7 günü məhəllələrdə maraqlı tədbirlər keçirir və insanlara xoş ovqat bəxş edirdilər. Hətta 1990-cı ilin əvvəllərində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri Zakir Fərəcovla və H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının rəhbəri kimi bizim birlikdə hazırladığımız müqaviləyə əsasən Sumqayıtda baş alıb gedən xaosa, hərc-mərcliyə baxmayaraq, Mənzil Təsərrüfatı və teatr kollektivinin məhəllələrdə, mikrorayonlarda keçirdiyimiz maraqlı tədbirlər, şəhər camaatında və bu şəhərdə məskunlaşan həmvətənlərimizdə böyük vətənpərvərlik və Vətən sevgisini çox artırırdı. Bu tədbirlərin keçirilməsinə cibində silaş gəzdirən Xalq Cəbhəsinin və Musavatın "başbilənləri", "bəylər" də mane ola bilmirdilər. Belə tədbirlər şəhərdə sabitliyin qorunmasına köməklik edir, məktəblilərin məktəbdən yanınmasını, narkomaniyanın da qarşısını alırdı.
O vaxtlar Sumqayıtda ağsaqqal sözü, ağsaqqal fikri hər şeydən üstün tutulurdu. Hətta bu şəhərin birici katibləri, icraiyyə komitələrinin sədrləri, prokuror, milis sisteminə, Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edənlər belə, hansısa bir adamın problemli ilə bağlı onlara müraciət edən ağsaqqalları böyük hörmətlə qarşılayır və onların xahişini müsbət həll edirdilər. Həmin vaxtlar Sumqayıtda bölgə söhbəti, yerlibazlıq, tayfabazlıq kimi anlayışlar, xəstə düşüncəli fikirlər yox idi. Hamı bir-birini özünə doğma qardaş-bacı, ən yaxın qohum, dost bilirdi. Bircə söz vardı. "Biz sumqayıtlıyıq".
.jpg)
Sumqayıtlılar öz şəhərlərini çox sevirdiyləri üçün tez-tez iməciliklər keçirib, parklarda, meydançalarda, həyətlərdə ağaclar, gül kolları əkir və hər birini də göz bəbəyi kimi qoruyurdular ki, bu yaşıllıqlar qumsallıq şəraitdə boy atsın, inkişaf etsin, şəhəri gözəlləşdirsin. Axı burada, qumsallıqda ağac əkib, onu ərsəyə gətirmək, bu ağalara qol-qanad vermək o qədər də asan deyildi. Bir vaxtlar Sumqayıt, burada yaşayanların hamısının şəhəri olduğuna görə, əkilən, min bir zəhmətlə böyüdülən ağacları kəsmək heç kimin ağlına belə gəlmirdi. Bunu həmin adam özü üçün ən böyük təhqir və şərəfsizlik bilirdi. Amma axır vaxtlar, əsasən də axırıncı 10-12 ildə şəhər rəhbərliyinin gözü qarşısında, çox vaxt da onların icazəsi ilə çoxlu ağajların kəsilməsi sumqayıtlılar üçün böyük bir dərd olmuşdu. Bu haqda dəfələrlə yazılsa da şəhər rəhbərliyi özünün "Çirkin işini" davam etdirirdi. Axı bu ağacları onlar özləri əkməmişdilər… Həm də həmin rəhbərlər bu şəhərə yad idilər…
Bu şəhər, sevənlər, sevgililər, qayğısız, mehriban, xoş güzəranda yaşayan insanların şəhəri idi. Deməli, bu "ölü şəhər" deyildi. Bu həqiqətən diri, qaynar şəhər idi. "Ölü şəhər" adı isə həmin vaxtlar düşmənlərimizin dəyirmanına su tökənlər tərəfindən Sumqayıta bir damğa kimi vurulmuşdu. Çünki bu şəhərin inkişafı, sözün həqiqi mənasında xarüqələr yaratması, dünyada tanınması, istehsal etdiyi yüksək keyfiyyətli məhsulların dünya bazarında baha qiymətə satılması, düşmənlərimizin ürəyincə deyildi. Ona görə də bədxanlarımız bu şəhəri həmişə gözdən salmağa, ona damğa vurmağa çalışırdılar. O vaxtlar, yəni Sovetlər Birliyi dövründə biz, bütün bunların nə məqsədlə edildiyini başa düşmürdük. Sumqayıt haqqında deyilən tənqidi fikirlərə adi bir söhbət kimi baxırdıq. Amma bilmirdik ki, bu tənqidlərin altında böyük qara fikirlər yatırmış…

Deməli, bu şəhərdə bilərəkdən Moskvanın göstərişi ilə zərərli kimya məhsulları istehsal edən sexlər tikilirmiş ki, milləti müharibəsiz, davasız-şavasız bu yolla vaxtından əvvəl öldürsünlər. Bu yolla millətimizin soyqrımını təşkil etsinlər. Bu işdə isə özümüzə yaxın qonşu, dost bildiyimiz, torpağımızı verdiyimiz, hətta kirvə seçdiyimiz, uzun illər çörəyimizi yeyib, amma bizə düşmən kimi baxan ermənilərin rolu daha çox imiş. Hətta onların bəzi nümayəndələri Sumqayıtdakı həmin zavodların baş mühəndisləri, aparıcı sexlərin rəhbərləri də işləyirdilər. Onlar bilərəkdən rayonlardan gələn sap-sağlam, cavan həmvətənlərimizi həmin zərərli maddələr istehsal edən sexlərdə yüksək maaşla işləməyə şirnikləndirirdilər. O cavanlar da pula aldanıb, 4-5 il orada işləyəndən sonra artıq ağır xəstəliklərə tutulurdular. Ermənilər öz millətindən olanları isə daha yaxşı işlərə cəlb edir və onları zərərli sexlərə buraxmırdılar.
Bütün bu illərdə Sumqayıta çirkab atanlar çox olduğuna görə, bəzən əsl həqiqət yaddan çıxıb və ya ikinci plana keçib. Hətta həyatını bu şəhərin inkişafı yolunda şam kimi əridən, bu şəhərdə əvəzsiz xdmətləri olan insanlardan elələri var ki, onlar da keçmiş şəhər rəhbərliyi tərəfindən yaddan çıxıb və unudulub. Onların adları bu günə qədər əbədiləşməyib. Haqqlarında lazımi səviyyədə yazılmayıb. Ən dəhşətlisi budur ki, Sumqayıt şəhərinin 65 illik yubileyində onlara layiq olduqları fəxri adlar, medallar verilmədi. Amma elə adamlara medallar verildi ki, onların Sumqayıtda heç bir xidmətləri yoxdur. Onlardan elələri də var ki, cəmi 1-2 ildir ki, bu şəhərə gəlib. Bu da sumqayıtlılarda şəhər rəhbərliyinə inamı azaltdı. Çünki keçmiş başçı bu şəhərə rəhbərlik etdiyi müddətdə Sumqayıtı və sumqayıtlıları tanımadı…
Bu şəhərin inkişafında böyük xidmətləri olanların yaşadıqları binalara xatirə lövhələri belə vurulmayıb. Çoxunun adlarına küçə, məktəb, sosial obyektlər verilməyib. Onların bəziləri hətta sağlığında da özlərinin layiqli qiymətlərini almayıblar…
Sumqayıtın düşünən beyinləri
Sumqayıtın qısa vaxtın içərisində belə yaraşıqlı tikilməsində və dünyada tanınmasında bu şəhərə rəhbərlik edən insanların, müəssisə rəhbərlərinin, baş mühəndislərin, baş həkimlərin, məktəb, mədəniyyət və idman obyektəlrinin direktorları olan şəxsiyyətlərin də xidməti əvəzsizdir. Amma Sumqayıt haqqında yazanların çoxu nə üçünsə bunu yaddan çıxarır və onların haqqında heç nə yazmırlar. Ya da onlardan bəziləri haqqında ötəri məlumatlar veriblər. Mənə elə gəlir ki, bu ədalətsizlikdir. Axı Sumqayıt şəhərinə rəhbərlik etmiş bu şəxsiyyətlər, zavodların, fabriklərin direktorları, baş mühəndisləri, baş həkimlər, məktəb, mədəniyyət evlərinin, idman qurğularının direktorları, Sumqayıt Dövlət Musiqili-Darm Teatrına, Musiqi Kollecinə rəhbərik etmiş insanların əməyi nə üçünsə bütövlükdə unudulub. Biz həmişə unuduruq və bu fikirə biganə oluruq ki, yüksək keyfiyyətli bir işin görülməsində əsas qüvvə, düşünən beyin və ən təşkilatçı insan məhz rəhbərdir. Ona görə də Sumqayıt haqqında yazanda ilk növbədə Sumqayıt qəsəbəsinə və rayonuna rəhbərlik etmiş Yəhya Məmmədovun, şəhərin ilk birinji katibi Kamran Hüseynovun, ondan sonra bu şəhərə rəhbərlik etmiş Hacıağa Əliyevin, Firudan Əliyevin, Nadir Balakişiyevin, Kamran Bağırovun, Həsən Həsənovnun, Şənlik Əliyevin, Cahangir Müslümzadənin, Zülfü Hacıyevin, Eldar İsmayılovun, Yusif Sevdimalıyevin, Şakir Abuşovun, Təvəkgül Məmmədovun, Vaqif Əliyevin, Eldar Əzizovun və hal-hazırda bu şəhərə 2015-ci ilin sentyabr ayının 2-dən rəhbər təyin olunan Sumqayıtın öz kadrı, ömrünün böyük hissəsini bu şəhərdə yaşamış, fəhləlikdən başlayaraq, şəhər Mənzil Təsərrüfatı İstehsalat Birliyinin direktoru və Sumqayıt Bələdiyyə sədri işlədiyi dövrlərdə uğurlu işlər görmüş, bələdiyyənin qurulmasında əvəzsiz xidmətləri olan, sumqayıtlıları çox yaxından tanıyan Zakir Fərəcovun əməyini unutmaq olmaz. Eləcə də İcraiyyə Komitəsinin sədrləri olmuş Kamal (Hüseyn) Axundovun, Zülfü Hacıyevin, Təvəkgül Məmmədovun və başqalarının gördüyü uğurlu işlərə kölgə salmaq da düzgün deyil. Onların hər biri az ya da çox, əllərindən gələni ediblər ki, burada insanlar firavan yaşasınlar. Sumqayıt, təkcə Azərbaycanda yox, dünyada tanınsın. Məgər onların əməyi, gördüyü uğurlu işlər yazıya köçürülüb, gələjək nəsillər üçün qalmamalıdır? Axı onların hər biri bacardığını edib ki, Sumqayıt inkişaf etsin. Bax bu, həmin rəhbərdən kimdə necə alındığını, biz onların işlədiyi dövrləri təhlil etdikcə hər şeyi olduğu kimi görə bilərik. Heç nəyi şişirtmədən, artırmadan və heç kimə məddahlıq etmədən. Hətta kimlərin hansı səhvləri olub, onlar da obyektiv formada üzə çıxa bilər. Bax o zaman məlum olacaq ki, bu rəhbərlərdən hansıların Sumqayıtın quruculuğunda əvəzsiz xidmətləri olub…

Onu da vurğulayım ki, məşhur akademik Yusif Məmmədəliyevin və alim, Olifinlər İnstitutunun direktoru Mark Aleksandroviç Dalinin Sumqayıtda Kimya müəssisələrinin tikintisində çox böyük köməklikləri olub. Onlar şəhərin ilk birinci katibi Kamran Hüseynovun xahişi ilə Sumqayıtla tez-tez əlaqə saxlayır və burada Kimya müəssisələrinin tikintisinə, qurğuların yerləşdirilməsinə, işə salınmasına çox böyük köməkliklər edirdilər. Deməli, bu insanların da Sumqayıtla bağlı əməyini heç vaxt unatmaq olmaz.
Eləcə də Sumqayıtın zavodlarına, tikinti tirestlərinə, kimya, metallurgiya müəssisələrinə, elm, təhsil, səhiyyə, mədəniyyət, idman və başqa sahələrə uğurla rəhbərlik etmiş insanları unutmaq olmaz. Üzərində işlədiuim "Əfsanələrdən yaranan şəhər və onun insanları" kitabımda da həmin insanların həyatını bajardığım qədər qələmə almığa çalışmışım ki, onların heç biri yaddan çıxmasın. Gələcək nəsillər üçün bir ərmağan kimi qalsın. Çünki onların hər birinin keşməkeşli, maraqlı həyatı böyük örnəkdir. Sumqayıt və eləjə də respublika javanları onların həyat tarixçəsini öyrənsələr, bu onlar üçün gələjək işlərini qurmaqda çox maraqlı olar.
İlk gündən bəşlayan uğurlar
Sumqayıt Şəhər İcra Hakimiyyətinin yeni başçısı Zakir Fərəcovun 2015-ci ilin sentyabr ayının 3-dən şəhərə rəhbərlik etməyə başlamasından keçən dövrdə yuxarıda yazdıqlarım bir kino lenti kimi beynimdə janlandı. Və inanıram ki, Zakir Fərəcovun bu şəhərə rəhbərlik etdiyi dövr həqiqətən də Sumqayıtın ikinci intibah dövrü olacaq. Belə ki, bu müddətdə artıq görülən işlər,təsdiq olunan layihələr bu filri sübut edir və bu sözləri deməyə qətiyyətlə əsas verir. Ona görə də çoxminli oxucularımıza ilk öncə Zakir Fərəcov haqqında qısa məlumat vermək istəyirəm.
Qısa arayış: 1971-ci ildən Sumqayıt şəhərindəki Superfosfat zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayan Zakir Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunması şəhər sakinlərinin əksəriyyəti tərəfindən müsbət qarşılandı. Hətta biz, bu şəhəri özlərinə tale şəhəri bilənlər sentyabr ayının 3-4 tarixlərində bir-birimizə telefonla zəng vurur və küçədə bir-birimizi təbrik edirdik ki, artıq bu şəhərin əsl sahibi, əsl təəssübkeşi gəldi. Çünki bütün sumqayıtlılar onun 10 il Abşeron rayonuna uğurlu rəhbərliyinin şahidi idilər. Biz isə "Azad Azərbaycan" qəzetinin əməkdaşları Abşeron rayonunda görülən uğurlu işləri tez-tez qəzetimizin səhifələrində işıqlandırırdıq.
Beləliklə, Zakir Fərəcovun təyinatının şəhər sakinləri tərəfindən də müsbət qarşılanması onun bu şəhərin yetirməsi olması, müxtəlif illərdə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat Birliyində texnik, şöbə rəisi, baş direktorun müavini, baş direktor, sonradan Sumqayıt şəhər bələdiyyəsinin sədri kimi şəhərdəki fəaliyyəti ilə yanaşı 2005-2015-ci illərdə Abşeron Rayon İcra Hakimiyyətindəki nümunəvi fəaliyyəti də az rol oynamırdı. Hətta Zakir Fərəcovun dövlət başçısının 26 dekabr 2012-ci il tarixli Sərəncamına əsasən Abşeron rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunması o vaxtlar sumqayıtlıların ürəyincə idi. Ümumiyyətlə sumqayıtlılarda belə müqəddəs təəssübkeşlik var ki, onlar böyük uğur qazanan həmyerlilşrini həmişə yüksək qiymətləndirirlər. Çünki mən özüm fəxri ad alanda, Prezident mükafatına layiq görüləndə, pyeslərim Moskada, Bakıda mükafat alanda, həmin pyeslər teatrlarda tamaşaya qoyulanda, rejissor kimi quruluş verdiyim tamaşalar böyük uğurlar qazananda çoxlu sumqayıtlıların məni təbrik etmlərinin şahidi olmuşam.
Zakir Fərəcovun da 10 il ərzindəki fəaliyyəti prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyindən o, Prezidentin inkişafına xüsusi əhəmiyyət verdiyi və həmişə nəzarətində olduğu Sumqayət şəhərinə rəhbər təyin edildi.
Sumqayıt şəhərinin dirçəlməsinə hesablanan kadr islahatı
Beləliklə, Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin kollektivinə və şəhərin aparıcı rəhbərlərinə 3 sentyabr 2015-ci il tarixində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin iştirakı ilə təqdim olundu. Administrasiya rəhbərinin iştirak etdiyi ilk iclasdan da bəlli oldu ki, Zakir Fərəcov bu şəhərə rəhbərlik etdiyi ilk gündən əsasən yerli kadrlardan ibarət komanda ilə çalışmaq niyyətindədir. Ona görə də şəhər təsərrüfatını canlandırmağa hesablanmış kadr islahatı üçün sumqayıtlılar çox gözləməli olmadılar. Tezliklə idarə və müəssisələrin rəhbərliklərinin bir çoxunda dəyişikliklər baş verdi. Köhnə kadrlar yeniləri, əsasən də sumqayıtlılarla əvəz olundu. Sumqayıt şəhər İcra Hakimiyyətində də ciddi kadr islahatları aparıldı. İki müavin postunda və bir çox şöbələrdə dəyişiklik baş verdi. İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini Teymur Səmədov və təşkilati işlər üzrə şöbə müdiri Gündüz Əliyevin təyin olunması sumqayıtlıların ürəyincə oldu. Çünki bu insanlar qanı və canı ilə Sumqayıta bağlı və təşkilatçılıqda böyük təcrübələri olan dəyərli ziyalılardır. Biz ona da inanırıq ki, tezliklə şəhərin ən aparıcı vəzifələrində yalnız sumqayıtlılar işləyəcək. Axı bu şəhər yarandığı ilk illərdən özünün yüksək səviyyəli kadrlarini Bakı və başqa şəhərlərə işləməyə göndərib. Ona görə də elə indi də şəhərdə yüksək səviyyəli, yaxşı təşkilatçı kadrlar çoxdur. Sadəcə onları işlə təmin etmək lazimdir ki, böyük işlər görsünlər.
Bir-birindən maraqlı sərəncamlar
Sunqayıtlılar tərəfindən uğurla qarşılanan iki sərəncam liftrtəmir və nəqliyyatla bağlıdır. Belə ki, prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız 76 liftin yeniləri ilə əvəz edilməsi məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,7 milyon manat ayrılması ilə bağlı 13 oktyabr tarixində sərəncam imzaladı. Bu səsrəncam da sumqayıtlıların sevincinə səbəb oldu. Bununla bağlı artıq işlərə başlanılıb. Sumqayıt şəhərindəki 594 liftdən 200-ü yararsız vəziyyətdədir. Hal-hazırda Sumqayıt Liftservis Birliyinin diretoru, yüksək təşkilatçı insan Cümşüd İsmiyevin rəhbərliyilə bu liftlərin dəyişdirilməsi uğurla davam edir. Ümumilikdə 140 ədəd liftin qısa müddət ərzində dəyişdirilərək əhalinin istifadəsinə verilməsi planlaşdırılır. Yerdə qalan liftlər isə növbəti aylarda yenilənəcək.
İkinci sərəncam isə prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 7 dekabr tarixində fərmanı imzalamasıdır. Sərəncamla Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradıldı. Müəyyən edilib ki, Sumqayıt şəhərinin inzibati ərazisində "Pilot layihə" çərçivəsində sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, avtomobil nəqliyyatı ilə sərnişindaşımanın vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlər görülməsi Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Sumqayıtdan millət vəkili seçilmiş Tahir Mirkişili Prezidentin sərəncamını şərh edərkən bildirib ki, bu Azərbaycanda həyata keçiriləcək ilk Pilot layihədir. O, həm də vurğulayıb ki, "digər bütün şəhərlədə bu funksiyaları Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti yerinə yetirir. Amma Şimali Amerika ölkələrində bu funksiyaları yerli idarəetmə orqanları, Avropa təcrübəsində isə əsasən dövlət sərnişin daşıma şirkətləri yerinə yetirir. Pilot layihənin Sumqayıtda həyata keçirilməsi təqdirəlayiqdir. Hesab edirəm ki, tezliklə Sumqayıtda Elektrik Sərnişin Daşıma vasitələrini də görmək mümkün olacaq"
Beləliklə, bu sərəncamla nəhayət ki, Sumqayıt şəhərində nəqliyyat sektorunda mövcud problemlərin köklü şəkildə həll olunacağına ümid edə bilərik. Həqiqətən də Sumqayıtda nəqliyyat sektoru çox bərbad vəziyyətdədir. Burada çox böyük anarxiya, rüşvətxorluq hökm sürür. Əsasən də Baki-Sumqayıt marşrutları sumqayıtlıları cana doydurub. Yəqin ki, qısa vaxtda nəqliyyat cektorunda işlər qaydasaına düşəcək.
Yeni və müasir bulvar kompleksi
Prezident İlham Əliyev gənclər şəhərinə səfərlərindən birində Sumqayıt şəhərində müasir bulvar kompleksinin mütləq yaradılmalı olduğunu vurğulayaraq demişdı: "Sumqayıtda bulvarın tikintisi təşəbbüsünü də mən bir müddət əvvəl irəli sürmüşəm. Hesab edirəm ki, Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır. Sumqayıtın da bu dənizkənarı sahəsindən biz gərək səmərəli şəkildə istifadə edək. Sumqayıtda gözəl bulvar tikilməlidir və çimərliklər yaradılmalıdır. Beləliklə, bu şəhərdə insanların istirahəti üçün çox gözəl guşə yaradılacaqdır."
Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun diqqət yetirdiyi əsas məsələlərdən biri də məhz Sumqayıt şəhərinin dənizkənarı bulvarının yenidən qurulması ilə bağlıdır. Bu da sumqayıtlıların Zakir Fərəcova olan inamını bir qədər də artırıb. Çünki sumqayıtlılar, Xəzər dənizinin sahilində yaşasalar da bu dənizdən layiqincə yararlana bilmirdilər. Axı çoxlu xəstəliklərin dərmanı olan dəniz suyu və sahildəki qumlar həddindən artıq çirkablı olduğundan sunqayıtlıları sağaltmaqdansa onlarda ayrı-ayrı xəstəliklər yaradındı. Ona görə də bu şəhərdə yaşayan insanlar yay istirahətlərini başqa yerlərə getməyə məcbur olurdular.
Hal-hazırda Nəsimi adına Sumqayıt şəhər dənizkənarı Mədəniyyət və İstirahət parkı ilə birlikdə 186 hektar ərazini əhatə edən bulvarda iş sürətlə gedir. Layihədə gənclər şəhəri üçün böyük əhəmiyyət kəsb edən bulvar ərazisinin daha geniş olması nəzərdə tutulub. Ərazidə dənizə qarşı hündürlüyü 1 metr 60 santimetr, uzunluğu isə 3700 metr olan istinad divarı tikilir. Burada müasir tipli otellər, ticarət mərkəzləri, uşaqlar üçün əyləncə məkanları, kafe, restoran və çoxmərtəbəli yaşayış binalarının tikintisi də nəzərdə tutulub. Deməli, Sunqayıt əsl turist şəhərinə çevriləcək.
Yol mədəniyyət deməkdir
Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra yol infrastrukturunun yenilənməsi, bərpası istiqamətində tədbirlər görməyə başlayıb. Yeni başçının ilk verdiyi göstərişlərdən biri də Sumqayıt şəhərinin əsas giriş yolunun – Sülh küçəsinin genişləndirilməsi ilə bağlı oldu. Artıq şəhərin girişindən "Göyərçin" abidəsinə qədər avtomobil yolunun 5 metr genişləndirilməsi prosesi həyata keçirilir. Beləliklə, bu yol hazır olandan sonra səhər və axşam Sumqayıtın giriş və çıxışında insanların əsəbinə təsir edən tıxaclar daha olmayacaq. Bu da alqışa layiqdir. Onu da vurğulayım ki, Sumqayıtda həllini gözləyən problemlərdən biri də məhəllədaxili yolların yararsız halda olması ilə bağlı idi. Şəhərin yol infrastrukturunun yenilənməsinin tərkib hissəsi olaraq məhəllələ daxili yolların da yenilənməsinə başlanılıb. İllərdən bəri yararsız vəziyyətdə olan və təmir üzü görməyən Çerkasi küçəsinin asfalt örtüyü təzələnib. Bununla yanaşı da bağlar massivinə gedən və bərbad vəziyyətdə olan yolun asfalt örtüyü təmir olunub. İnanırıq ki, bu proses davam etdirilərək digər mikorayon və məhəllədaxili yollar da mərhələli şəkildə təmir olunacaq. Axı ulu öndərimiz Heydər Əliyev deyib ki, "Yol mədəniyyətdir".
Yaşayış və sosial binalar yeni görkəmə salınmaqla gözəlləşir
Sumqayıt şəhərində başlanılan kompleks tikinti-quruculuq işlərinin bir hissəsini də ictimai yaşayış binalarının təmiri və yenidən qurulması təşkil edir. Heydər Əliyev, Azərbaycan prospektləri və 20 Yanvar küçəsi boyunca yaşayış binalarının fasad və dam örtüklərinin əsaslı təmiri, binaların müasir qaydada üzlənməsi işləri davam edir. Təmir olunan binaların memarlıq görüntüşü saxlanılır, aşınmaya məruz qalmış və piyadalar üçün təhlükə yaradan elementlər yenilənir. Bu çox böyük və təqdirəlayiq haldır ki, fasadlama işləri zamanı binaların tarixi memarlıq elementlərinə, dizayn və naxışlarına toxunulmur. Şəhərdə prospekt və küçələr boyu Sumqayıt yarananda tikilən 3 mərtəbəli 18 binada hazırda üzlənmə işləri sürətlə davam edir. Şəhərin əsas prospektlərində yerləşən binalarla yanaşı 17 və 18-ci mikrorayonlarda da yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsinə, zirzəmilərin təmir olunmasına başlanılıb. Çünki sumqayıtlıların ən çox giley etdiyi də yaşayış binalarinın zirzəmilərində olan çirkab sularının təmizlənməsi problemi ümdə işlərdən biri idi. Keçmiş şəhər rəhbərindən fərqli olaraq, Zakir Fərəcov Sumqayıtı yaxşı tanadığından və bir müddət şəhər təsərrüfatına rəhbərlik etdiyindən inanırıq ki, bütün bu işlərə daha ciddi fikir verəcək.
Sumqayıtda müasir üslubda yeni Heydər Əliyev Mərkəzində tikinti işləri artıq yekunlaşmaq üzrədir. 4 mərtəbədən ibarət olacaq mərkəzdə 400 nəfərlik akt zalı, nikah mərasimlərinin keçiriləcəyi zal, gənclər üçün müzakirə və diskussiya zalları, elektron kitabxana yaradılacaq. Möhtəşəm görüntüşü ilə hər kəsi heyran edəcək mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da fəaliyyət göstərəcək. Deməli, bu mərkəz həqiqətən də Ulu Öndərə layiq Mərkəz olacaq.
Sumqayıt şəhərində illərdən bəri həllini gözləyən ən problemli məsələlərdən biri də məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti idi. Bu vəziyyət doğrudan da çox acınacaqlı idi. Şəhərdə mövcud baxçaların dam örtüyünün dəyişdirilməsinə, istilik sizsteminin bərpa olunmasına çox ehtiyac vardı. Bu haqda mən özüm də dəfələrlə yazmışdım. Amma heç bir nəticə hasil olmamışdı. Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətində fəaliyyətə başladığı ilk gündən şəhərdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin qısa müddətdə təmir olunması göstərişini verdi. Dam örtükləri yenilənərək istilik sistemi bərpa olundu. Sözsüz ki, bütün bunlar burada çalışan kollektivlərin daha yaxşı işləməsinə və uşaqların təlim-tərbiyə işinin yaxşılaşdırılmasına, sağlam böyümələrinə böyük xidmət kimi qiymətləndirmək olar. Axı uşaqlar bizim gələcəyimizdir. Gələcək nəslimiz də sağlam və savadlı olmalıdır.
Səliqəli və sistemli təşkil olunmuş yarmarka
Sumqayit şəhər sakinlərinə yaxşı məlum idi ki, 8-ci mikrorayon ərazisində təşkil olunan əvvəlki yarmarkanın vəziyyəti həddindən artıq çox pis idi. Burada antisanitariya hökm sürürdü. Həmin bazar haqqında və oradakı dözülməz vəziyyətlə bağlı da mən dəfələrlə yazmışdım. Hətta keçmiş İcra Hakimiyyəti başçısına da bu haqda demişdim. Amma o da heç bir əncam çəkməmişdi. Zakir Fərəcov işə başladığı ilk gündən burdakı vəziyyətdən narazılığını bildirib və yeni yarmarkanın təşkil olunmasının zəruriliyini qeyd etmişdi. Qısa müddət ərzində yeni, daha səliqəli şəkildə təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satışı yarmarkası işə düşdü. Sözsüz ki, əhalinin istəkləri nəzərə alınaraq, gələcəkdə yarmarkanın daha da təkmilləşdirilməsi gözlənilir. İnanirıq ki, belə də olacaq.
Bu gün sumqayıtlıları ən çox narahat edən istilik sisteminin vəziyyətidir. Təsəvvür edin ki, mən yaşadığım 2-ci məhəllədə qazanxana olsa da və istilik sistemilə bağlı keçmiş İcra Hakimiyyəti başçısına binanın sakinləri adından müraciət etsək də və o, söz versə də bizim arzumuzu reallaşdırmadı. Bu gün Sumqayıt əhalisinin demək olar ki, 50 faizi istilik sisteminə möhtacdır. Onlar da məcbur olub evləri qızdırmaq üçün elektrik peçlərindən istifadə edirlər. Ona görə də şəhərin işıq sistemində çoxlu problemlər yaranır. Yəqin ki, şəhərdə ən böyük problemlərdən olan istilik sistemi də tezliklə cənab Zakir Fərəcov tərəfindən özünün müsbət həllini tapacaq. Bu da şəhər camaatının sevincinə səbəb olacaq. Amma onu da danmaq olmaz ki, Sumqayıt İstilik Təsərrüfatına 1993-cü ildən rəhbərlik edən Aftandil Nuriyevin sayəsində məhz bu təsərrüfat yaxşı fəaliyyət göstərir. Məhz onun təşkilatçılığı və döyüşkənliyi ilə bu təsərrüfat qorunub saxlanıldı. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti yarandan sonra bu təşkilatın tərkibinə qatılan Sumqayıtdakı İstilik Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti də artıq düşdüyü tənəzzüldən etap-etap çıxmağa başladı.
Sumqayıtda Mübariz İbrahimov küçəsi olacaq
Zakir Fərəcov bütün sumqayıtlıların və respublika əhalisinin bu yaxın günlərdə şahidi olacaq çox maraqlı bir təklifi də irəli sürüb. Belə ki, İcra Hakimiyyəti başçısının göstərişi ilə yaxın günlərdə şəhərin ən mərkəzi küçələrimdən birinə Milli Qəhrəman, xalqımızın igid oğlu Mübariz İbrahimovun adı veriləcək. Bax, Zakir müəllimin bu maraqlı ideyası da onun böyük vətənpərvərliyindən, dövlətə, dövlətçiliyə böyük sədaqətindən xəbər verir. Bu təkifin reallaşması hamının ürəyincə olacaq və insanlarımızda Vətənə inamı və sədaqəti bir az da artıracaq. Bizi Qarabağ döyüşünə bir qədər də səfərbər edəcək.
Sumqayıtın simvolu bərpa olundu
Sumqayıt İcra Hakimiyyətinin binası əvvəllər yaşıllığa qərq olmuşdu. Bu şəhərə gələn qonaqlar binanın belə yaşıllığın içərisində olmasını görüb, böyük fərəhlə, heyrətlə həmin binaya baxırdılar. Bu bina, dünyanın ən gözəl binalarından biri idi. Amma bu yaşıllıq keçmiş İcra Hakimiyyətinin baçısı tərəfindən ləğv olunmuşdu. Bütün sumqayıtlılar da buna çox heyfisləndilər. Hamı çox istəyirdim ki, həmin yaşıllıq yenidən bərpa olunsun. Çünki bu, Sumqayıtın ən gözəl simvollarından biri idi. Onu məhv etmək olmazdı. Axı bu yaşıllığı keçmiş rəhbərlər də göz bəbəyi kimi qoruyurdular. Artıq sumqayıtlıların bu arzu da çin oldu. Zakir Fərəjovun göstərişi ilə həmin yaşıl kol-bitkilər Sumqayıt İcra Hakimiyyətinin binisının qarşısına yenidən əkilib. İnanın bütün sumqayıtlılar maraq üçün çalışırlar ki, yollarını İcra Hakimiyyətinin qarşısından salıb, həmin kolların-bitkilərin əkildiyini özləri görsünlər. Buna bütün sumqayıtlılar sevinir. Bu həqiqətən də alqışa layiqdir. İnanıram ki, qısa vaxtın içərisində bu yaşıl kollar inkişaf edəcək və bir neçə ilə artıq Sumqayıt İcra Hakimiyyətinin binasının qarşısı yenə də yaşıllığa qərq olajaq.
Sumqayıt İcra Hakimiyyətinin binasının birinci mərtəbəsində əvvələr yeməkxana vardı. Şəhərin demək olar ki, bütün rəhbərləri gəlib orada yemək yeyirdilər. Elə çoxlu problemli məsələləri də orada həll edirdilər. Keçmiş İcra Hakimiyyətinin başçısı onu da ləğ eləmişdi. Həmin yeməkxana da artıq yenidən bərpa olunub. Bu da alqışa layiqdir.
Sumqayıtda aparılan sorğuların nəticəsi
Mən demək olar ki, hər gün səhərlər dəniz sahilinə gedirəm. Sahildə və mədəniyyət-istirahət parkında piyada ya da velosipedlə gəzirəm, idman edirəm. Orada gördüyüm insanlarla apardığım söhbətlərdən, dənizin sahilində salınan yeni parkda gedən işlərdən görürəm ki, sumqayıtlılar Zakir Fərəcovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar. Hətta Symqayıtın tanınmış ziyaliları, ağsaqqalları da bütün görülən bu uğurlu işlərə böyük nikbinliklə, fəxarətlə baxırlar.
Novruz bayramı şənliklərinin əvvəlki illərdə olduğu kimi yenidən Nəsimi adına mədəniyyət və istirahət parkında və özü də belə möhtəşəm keçirilməsi bir daha sübut edir ki, Zakir Fərəcov köhnə və sınanmış ənənələri bərpa etməklə sumqayıtlıların qəlbində özünə əbədi heykəl ucaldacaq.
Deməli, biz artıq qətiyyətlə deyə bilərik ki, Sumqayıt özünün ikinci intibahına başlayıb və adı yenidən dünyanın ən inkişaf etmiş şəhərləri siyahısına düşəcək. İnanırıq ki, o gün uzaqda deyil.
Ağalar İDRİSOLU, Əməkdar İncəsənət Xadimi,
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB