Transxəzər marşrutunun əhəmiyyəti

... ABŞ-da müzakirə olunub
Transxəzər marşrutunun əhəmiyyəti

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yerləşən Con Hopkins Universitetində "Transxəzər, Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi" mövzusunda beynəlxalq forum keçirilib. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, tədbirin əsas məqsədi - Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Çin və Avropa arasında yaranan əhəmiyyətli tranzit dəhlizlərini və bu dəhlizlərdən yararlanmaq imkanlarını müzakirə etmək olub. Həmçinin İpək Yolu marşrutu üzrə müasir layihələrin hazırlanması və investisiyaların həyata keçirilməsi ilə bağlı məsələlərinin müzakirəsi forumun məqsədlərindən biri idi.

"Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi" forumuna 200-dən çox qonaq, o cümlədən ABŞ Hökuməti, ticarət palataları, yerli və beynəlxalq maliyyə və sərmayə təşkilatları, düşüncə mərkəzləri və 50-dən artıq ABŞ şirkəti qatılıb.

Forumda Azərbaycanın digər dövlət qurumlarının nümayəndələri ilə yanaşı, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri Vüsal Aslanov, "ADY Express" MMC-nin Biznesin inkişafı və Marketing Departamentinin rəhbəri Natiq Cəfərov iştirak ediblər.

Tədbirin panel iclasında çıxış edən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri Vüsal Aslanov, Azərbaycan dəmir yollarının tarixi, inkişafı, gerçəkləşdirilən beynəlxalq layihələr, ölkəmizin ərazisindən keçən nəqliyyat marşrutlar haqqında geniş məlumat verib. Matşrutların səmərəliliyindən söz açan Vüsal Aslanov onların təhlükəsiz, yüklərin çatdırma vaxtının qısa, tariflərin isə rəqabətli olduğunu bildirib.

Tədbirdə Azərbaycan dəmir yolları haqqında videoçarx da nümayiş etdirilib. "Azərbaycan DəmirYolları" QSC-nin sədrinin müşaviri Vüsal Aslanovun çıxışı tədbir iştirakçılarının böyük marağına səbəb olub. Çıxışdan sonra Vüsal Aslanov forum iştirakçılarının marağında olan bütün suallarları cavablandırıb.

Çıxış edən digər iştirakçılar, Transxəzər marşrutunun ölkələr üçün olduqca önəmli layihə olduğunu və Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə