Xarici jurnalistlər ermənilərin yaraladığı mülki şəxslərlə görüşdü SƏS TV

Azərbaycan Xarici İşlər Nazirliyi ölkədə fəaliyyət göstərən beynəlxalq media nümayəndələrini, o cümlədən cəbhədə vəziyyət gərginləşdiyindən ölkəyə gələn əcnəbi jurnalistlərin cəbhə bölgəsinə səfərini təşkil edib.

Bu gün cəbhə bölgəsinə səfər edən xarici və yerli media təmsilçiləri Bərdə Diaqnostika Mərkəzində müalicə olunan, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkiblər.

Diaqnostika Mərkəzində jurnalistlər ermənilərin Ağdam rayonunun Çəmənli kəndini atəşə tutması nəticəsində yaralanan kənd sakinləri ilə görüşüblər.

Mərkəzin həkimi Eldar Əhmədov bildirib ki, yaralıların vəziyyəti stabildir, həyatları üçün təhlükə yoxdur.

Media nümayəndələri daha sonra Ağdam və Ağcabədi rayonlarına yol düşəcəklər. Jurnalistlər orada ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində dağıdılan, yanan evlərə baxış keçirəcəklər.

Qeyd edək ki, səfərə xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələri olmaqla ümumilikdə 45 media təmsilçisi qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə