Narkomanlar psixiatriya xəstəxanasına məcburi qaydada yerləşdiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev "Əhalinin sağlamlığının qorunması haqqında" qanununa edilən yeni dəyişiklikləri təsdiqləyib. SİA xəbər verir ki, yeni dəyişikliklər adıçəkilən qanunun "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanuna uyğunlaşdırmaq məqsədi ilə edilib.

"Əhalinin sağlamlığının qorunması haqqında" qanunun indiyədək mövcud olan variantına uyğun olaraq, cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələlərlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə dücar olan şəxslər barəsində məcburi tibbi tədbirlər tətbiq edilirdi.

Qanuna edilən yeni dəyişikliklərdə isə inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş narkomanlar da barəsində məcburi tədbirlər tətbiqi edilən şəxslərin sırasına əlavə edilib. Belə ki, yeni layihəyə əsasən, cinayət və ya inzibati həbs nəzərdə tutan inzibatı xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələlərlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə dücar olan şəxslər barəsində Mülki Prosessual Məcəlləyə uyğun olaraq, məcburi tibbi tədbirlər tətbiq ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev "Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma,habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Qanununun ləğv edilməsi haqqında" qanunu da təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...