Quba-Xaçmaz avtomobil yolu bağlana bilər

Quba-Xaçmaz avtomobil yolu bağlana bilər. SİA xəbər verir ki, buna səbəb Xaçmazdan Qubaya gedən yolun 2-ci km-liyində təhlükə yaranmasıdır.

Belə ki, artıq 15 gündür magistralın alt hissəsindən keçən "Xan arxı"ı su kanalının üzərindəki yolda çökmə müşahidə olunur. Sürücülər bildirirlər ki, hər gün yol yatır və avtomobillərin qabaq hissəsi su kanalının üzərindən sürətlə keçərkən asfalt-betona deyir. Sürücülər və kənd sakinləri hər an su kanalının üzərindəki yolun çökə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər: "Əgər "Xan arxı" çöksə, Xaçmaz suyun altında qala bilər".

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yetkin Mehmanov "Report"a açıqlamasında bildirib ki, məsələylə bağlı Xaçmaz 5 Saylı Yol İstismar İdarəsinə (Yİİ) tapşırıqlar verilib: "Aprelin 29-da "Xan arxı" su kanalının üzərindəki yoldakı çökmə problemi aradan qaldırılacaq".

Qeyd edək ki, Armudpadar kəndi ərazisindən keçən "Xan arxı" ilə uzun illərdir Ceyranbatan su anbarına su ötürülür. (report)

Bütün xəbərlər Facebook səhifəmizdə