Bilik Fondu müəllimlərin alimlərlə görüşünü təşkil edib FOTO

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Bakı şəhərinin bir sıra orta məktəblərində çalışan coğrafiya müəllimlərinin coğrafiyaşünas alimlərlə görüşünü təşkil edib.

Qurumdan SİA-ya verilən məlumata görə, Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Prezidenti İlham Əliyevin elmlə təhsilin vəhdəti, alimlərin məktəblə əlaqələrinin möhkəmləndirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi sahəsində qarşıya mühüm vəzifələr qoyduğunu xatırladıb, Fondun AMEA ilə birlikdə alim və yazıçılarla görüşlərinin, sərgilər, "dəyirmi masa"lar və elmi konfransların keçirildiyini, Təhsil Nazirliyi və Bakı Şəhər Baş Təhsil İdarəsinin də bu tədbirlərə dəstək verdiyini bildirib.

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, Təhsil Nazirliyinin Vahid–Elmi Metodiki Şurasının Coğrafiya bölməsiniun sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin vitse-prezidenti, YUNESKO və digər beynəlxalq qurumların tanınmış eksperti Elbrus Əlizadə coğrafiya müəllimləri qarşısında vizual mühazirə söyləyib. Alim son illər coğrafiyaşünaslıqda əldə olunan son nailiyyətlərdən, nəşrlərdən danışıb, fənnin tədrisi ilə bağlı innovativ yeniliklərdən, müasir tədris metodikasından bəhs edib.

Müəllimlər Bilik Fondunun layihələrinin məktəblərdə razılıqla qarşılandığını, bu günkü görüşün əhəmiyyətini vurğulayıb, Fondun rəhbərliyinə və məruzəçiyə təşəkkür ediblər. Məruzəçi müəllimlərin çoxsaylı suallarını cavablandırıb.

Paytaxtın coğrafiya müəllimləri AMEA-nın Mərkəzi Elmi Kitabxanası və "Alimlər Evi"nin fəaliyyəti, eləcə də Akademiyanın 70 illiyinə həsr olunmuş sərgi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə