Şagirdlər xalçaçılıq şirkətində və Hərb Tarixi Muzeyində FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Nardaran qəsəbəsindəki 295 və 130 nömrəli tam orta məktəb şagirdlərinin ekskursiyasını təşkil edib. Bilik Fondundan SİA-ya verilən məlumata görə, hər iki məktəbin 9-cu sinif şagirdləri öz istəklərinə görə "Azər-ilmə" xalçaçılıq şirkətində və Hərb Tarixi Muzeyində olublar. Şagirdlər "Azər-İlmə" xalça qalereyasında Azərbaycanın qədim əl sənəti olan xalçaçılığın sirləri ilə maraqlanıblar.

Xalq sənətlərinin ən geniş yayılmış növü, Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş xalçaçılıq haqqında məlumat verən bələdçi məktəblilərə xalçaçılığın tarixindən, növlərindən söhbət açıb. Şagirdlərə məlumat verilib ki, müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar tarixən çadırların, alaçıqların, habelə yaşayış evlərinin və digər binaların divar bəzəklərində, döşənməsində istifadə edilib, eyni zamanda yüksək estetik əhəmiyyət kəsb edir.

Xalçanın toxunması prosesini öz gözləri ilə görən şagirdlər toxuculara və bələdçiyə bu sənətin incəlikləri ilə bağlı müxtəlif suallar veriblər. Məktəbli qızlar hanada olan xalçaya ilmə atmaqla sənət əsərində izlərini qoymaqdanməmnun olublar.

Sonra şagirdlər Dövlət Hərb Muzeyində olublar. Muzeydə Azərbaycanın hərb tarixi şagirdlərin gözləri önündə canlanıb. Azərbaycanın ilk generalları haqqında məlumat verən bələdçini maraqla dinləyən şagirdlər muzeydə onların mundirlərini görüb, müxtəlif dövrlərdə istifadə edilən silahlarla də tanış olublar. Ekspozisiyasının zənginliyinə görə diqqəti cəlb edən Xanlıqlar dövrü zalında şagirdlərə Azərbaycanda xanlıqların yaranması, onların qoşun növləri haqqında məlumat verilib. Hərbi Dəniz Qüvvələri zalında Müstəqil Azərbaycanın ilk matrosları, dövlət bayrağımızın ilk dəfə hərbi donanmada qaldırılması, Hərbi Dəniz Qüvvələrinin bayrağı, dənizçilərin istifadə etdiyi bir sıra cihazlar Nardaranlı məktəblilərin marağına səbəb olub.

Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan 130-a yaxın hərbi texnika da ziyarətçilərin ən çox maraqlandığı ekspozisiya olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...