28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günüdür

Azərbaycanda əməyin mühafizəsi ilə bağlı dövlət siyasəti ümumbəşəri prinsiplərə əsaslanır

Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edilib və bütün dünyada olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur.

Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunması cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələlərinə cəlb etməkdir. BƏT-in məlumatına görə, dünyada hər il istehsalatla əlaqəli bədbəxt hadisələr peşə xəstəlikləri nəticəsində təxminən 2,34 milyon nəfər həlak olur. 160 milyondan çox insan müxtəlif dərəcəli bədən xəsarəti alır və ya peşə xəstəliklərinə tutulur. İstehsalat qəzaları nəticəsində dünya üzrə ümumi daxili məhsulun 4%-nin və ya 2,8 trln. ABŞ dollarının itirilməsi ilə nəticələnir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq hələ 1995-ci ildə referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 35-ci maddəsində hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququ əksini tapıb. 1999-cu ildə isə MDB-də ilk dəfə olaraq Azərbaycanda Əmək Məcəlləsi qəbul edilib ki, onun 317 maddəsindən 33-ü məhz əməyin mühafizəsi norma, qayda və prinsiplərini, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə edir. Bununla yanaşı, ötən dövrdə ölkəmiz tərəfindən BƏT-in əsas işçi hüquqları ilə bağlı 57 Konvensiyası, o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyinə dair 21 Konvensiyası ratifikasiya olunub və ölkənin əmək qanunvericiliyi ümumbəşəri dəyərlər əsasında daim təkmilləşdirilib.

Hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biridir. Bunun nəticəsidir ki, işçilərə sağlam və normal əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının təmin edilməsinə, istehsalatda baş verən qəza hallarının, əmək xəsarətinin və peşə xəstəliklərinin qarşısının alınması yönündə ölkəmizdə fəal dövlət siyasəti həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında imzalanan 2016-2017-ci illər üçün Baş Kollektiv Sazişdə də iş yerlərində əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik məsələlərinə xüsusi yer ayrılıb. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu siyasətin məqsədyönlü icrası istiqamətində müvafiq tədbirlər həyata keçirir. Görülən tədbirlərin əsas məqsədi əmək qanunvericiliyində əməyin mühafizəsi, habelə istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin, bu sahədə işəgötürənlərin vəzifələrinin icrasının təmin edilməsinə yönəlib.

Xidmət tərəfindən bu istiqamətdə təbliğat-maarifləndirmə tədbirləri həyata keçirilir, işəgötürənlərə, əmək kollektivlərinə əmək qanunvericiliyi, əməyin mühafizəsi norma və standartları, qaydaları, istehsalat qəzalarının qarşısının alınması profilaktikası barədə dolğun məlumatlar verilir. İş yerlərində əməyin mühafizəsinin təmin olunması ilə bağlı sosial tərəfdaşlarla birgə də məqsədyönlü işlər aparılır. Həyata keçirilən bu tədbirlər iş yerlərində istehsalat qəzalarının və bu hadisələr nəticəsində zərər çəkənlərin sayının azalması ilə müşahidə olunub. Məsələn, ötən il ərzində ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı əvvəlki 2014-cü illə müqayisədə 33,7 faiz, bu hadisələr nəticəsində həyatını itirənlərin sayı 45,5 faiz, xəsarət alanların sayı isə 40 faiz azalıb.

İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasının təmin edilməsi üçün sığorta şirkətləri ilə qarşılıqlı faydalı əlaqələr də yaradılıb. Bu əməkdaşlığın nəticəsi olaraq, işləyən əhali tam olaraq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə əhatə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə