“Naxçıvan əfsanəsi” yapon telekanalında

Yaponiyanın "World Investors Tv" internet televiziyasında Okinava prefekturasının nümayəndə heyətinin Azərbaycana və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına səfərinə həsr olunan "Naxçıvan əfsanəsi" adlı veriliş yayımlanıb.

Əvvəlcə televiziyanın prodüseri, səfərin təşkilatçısı "Cross Border Club"ın prezidenti Kazuyasu İşida Bakıya və Naxçıvana səfər barədə məlumat verib. Bildirib ki, Okinava prefekturası parlamentinin sədri Masaharu Kinanın rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət 42 nəfərlik nümayəndə heyətinin səfəri çox uğurlu olub. Nümayəndə heyətinin ölkəmizdə böyük hörmət və qonaqpərvərliklə qarşılandığını vurğulayan K.İşida Prezident Administrasiyasında, İqtisadiyyat Nazirliyində keçirilən görüşlər və aparılan danışıqlar barədə məlumat verib. Bildirib ki, nümayəndə heyətinin Naxçıvana səfəri də çox maraqlı olub. Azərbaycanın bu qədim tarixə, zəngin mədəniyyətə və müasir inkişafa malik hissəsi öz uğurları ilə yapon qonaqları heyran qoyub. Ermənistan tərəfindən blokadaya alınmasına baxmayaraq, Naxçıvan sürətli inkişafına görə dünyanın ən qabaqcıl regionları ilə müqayisə oluna bilər. Səfərin məqsədinin Azərbaycan və Yaponiyanın regionları arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olduğunu xatırladan K.İşida bildirib ki, Okinava prefekturasının və Miyakocima şəhərinin rəhbərliyi Naxçıvan Muxtar Respublikası və onun paytaxtı Naxçıvan şəhəri ilə əməkdaşlığın hər iki tərəf üçün çox faydalı olacağını bildiriblər.

Verilişdə iştirak edən Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı və AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Naxçıvanın qədim tarixi, geosiyasi mövqeyi, mədəni zənginliyi, müasir iqtisadiyyatı, turizm imkanları barədə məlumat veriblər. Vurğulanıb ki, Azərbaycanın ictimai-siyasi, elmi və mədəni həyatında xüsusi rola malik olan Naxçıvan böyük ədib Cəlil Məmmədquluzadə, məşhur şair və dramaturq Hüseyn Cavid, bütün dünyada yaxşı tanınmış alim Nəsrəddin Tusi və memar Əcəmi Naxçıvaninin vətənidir. Eyni zamanda, Naxçıvan Azərbaycanın müasir müstəqillik tarixində əvəzolunmaz rol oynamış xalqımızın ümummilli lideri Heydər Əliyevin dünyaya gəldiyi məkandır. Verilişdə Ulu Öndərin Azərbaycan xalqının müasir dövlətçilik tarixində oynadığı mühüm rol barədə yapon tamaşaçılara geniş məlumat verilib.

K.İşidanın Naxçıvan haqqında yapon dilində kitab yazmaq niyyətində olduğunu nəzərə alan verilişin qonaqları ona Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sifarişi ilə hazırlanan "Naxçıvan-Şərqin əfsanəsi" kitabını hədiyyə ediblər. Yüksək poliqrafik keyfiyyəti ilə seçilən və Naxçıvan haqqında zəngin məlumatları özündə əks etdirən hədiyyəni yüksək qiymətləndirən K.İşida bu qədim Azərbaycan torpağı barədə kitabı hazırlamaq üçün bütün gücü ilə çalışacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə