Heydər Əsədov BMT-nin FAO aparat rəhbəri ilə görüşüb

Aprelin 27-də Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Mario Lubetkin və təşkilatın Tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmakı qəbul edib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qonağı səmimi salamlayan H.Əsədov FAO ilə yaradılmış əlaqələri yüksək qiymətləndirərək son illərdə FAO tərəfindən ölkədə həyata keçirilən layihələrin kəmiyyət və keyfiyyət baxımından səmərəliliyinə görə təşkilatın rəhbərliyinə minnətdarlığını bildirib, bu əlaqələrin yeni yaradılmış Tərəfdaşlıq və əlaqələndirmə ofisi çərçivəsində daha da genişlənəcəyinə əminliyini bildirib.

BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda FAO-nu təmsil etmək məqsədilə Azərbaycana səfər etmiş M.Lubetkin təşkilatın baş direktorunun səmimi salamlarını çatdırıb, FAO ilə Azərbaycan hökuməti arasında yaradılmış sıx əlaqələrə toxunaraq FAO-nun Azərbaycanda Tərəfdaşlıq və əlaqələndirmə ofisinin açılmasında və Tərəfdaşlıq Proqramının yaradılmasında Azərbaycan hökumətinin, xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyini yüksək qiymətləndirib.

FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva ilə keçirilmiş görüşə istinad edən M.Lubetkin görüş zamanı bir sıra mühüm məsələlərin müzakirə olunduğunu bildirib. Həmçinin Bakıda keçirilən Forumun məqsədlərinin davamı olaraq, cari ilin sonunda FAO-nun baş qərargahı olan Roma şəhərində FAO, BMT-nin Sivilizasiyalar Alyansı və FAO-nun Xoşməramlı Səfir Missiyası ilə birgə əməkdaşlıqda Azərbaycanın da geniş şəkildə qatılacağı "Multikulturalizm və ərzaq təhlükəsizliyi" mövzusunda konfransın keçirilməsini təklif edib. H.Əsədov razılıq olduğu halda tədbirin keçirilməsinə lazımi dəstəyin göstəriləcəyini bildirib.

Görüş zamanı hər il 16 oktyabr tarixində qeyd olunan Dünya Ərzaq Gününun (DƏG) 2016-cı ildə iqlim dəyişkənliyi mövzusuna həsr olunduğu bildirilib və bu il DƏG-in Azərbaycanda yüksək səviyyədə qeyd olunması ilə bağlı müəyyən təkliflər müzakirə olunub.

Görüşdə FAO-nun cari ilin 4-6 may tarixlərində Azərbaycan nümayəndə heyətinin də qatılacağı Türkiyənin Antalya şəhərində keçiriləcək FAO-nun Avropa üzrə 30-cu Regional konfransı, konfransda müzakirə olunacaq mühüm məsələlər və qəbul ediləcək qərarlar barədə də fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə