“Yeraltı avtodayanacaqlar Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır”
Son günlər bəzi müxalifət mətbuatında Bakının Füzuli və Şəmsi Bədərbəyli küçələrinin kəsişməsində, həmçinin Azadlıq Meydanının altında inşa edilmiş, dövlətin balansında olan yeraltı dayanacaqların Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "Müstəqil Spektr"MMC-yə icarəyə verilməsi barədə məlumatlar yayılıb.
SİA-nın əməkdaşının apardığı kiçik araşdırmalardan sonra məlum olub ki, məqalələrin müxtəlif mətbu orqanlarda tirajlanması heç də həqiqəti əks etdirmir və əsasən Bakı Şəhər İcra Hakimiyyətinin nüfuzuna zərər vurmaq məqsədi daşıyır. Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat idarəsinin rəisi Həsən Abdullayevin də dediyi kimi: "Yazılanların heç bir əsası yoxdur, yalan və iftiradır".
Həsən Abdullayev eyni zamanda bildirib ki, 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunmuş Füzuli və Şəmsi Bədərbəyli küçələrinin kəsişməsində və Azadlıq Meydanının altında yerləşən nəhəng yeraltı avtodayanacaqlar Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır və onun tabeliyində olan Xüsusi Təyinatlı Avtonəqliyyat müəssisəsi tərəfindən idarə olunur.
Əməkdaşımız məqalələrdə "icarədar" kimi adı keçən "Müstəqil Spektr" MMC ilə də əlaqə yaratmağa nail olub. Şirkətin direktoru Bəxtiyar Məmmədov bildirib ki, özü və şirkəti haqqında yazılanlar yalandır və heç bir fakta söykənmir: "Son günlər bəzi mətbuat vasitələrində paytaxtın mərkəzində istifadəyə verilmiş avtomobil dayanacağının "Müstəqil Spektr" şirkətinə icarəyə verildiyi, Hökumət Evinin qarşısında avtomobil dayanacağının şirkətimizin adına rəsmiləşdirildiyi barədə məlumatlar yayılıb. Nəzərənizə çatdırırıq ki, bizim şirkətin həmin avtomobil dayanacaqlarına heç bir aidiyyatı yoxdur və olada bilməz. Bundan əlavə, biz dəfələrlə mətbuata bildirmişik və gələcəkdə də bildirməyə hazırıq ki, bizim şirkətin heç bir dövlət qurumu ilə və heç bir dövlət məmuru ilə əlaqəsi yoxdur, özəl təşkilatdır, təsisçisi də Azərbaycan Respublikasının sıravi vətəndaşıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB