Astarada akademik Zərifə Əliyevaya həsr olunmuş konfrans keçirilib FOTOLAR
Astara şəhərindəki Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, bənzərsiz ziyalı, qayğıkeş ana, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib. "SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə akademik Zərifə Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad edib, görkəmli alimin ömür yolu haqqında video-çarxa baxıblar.
Toplantıda çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova bildirib ki, dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.
Elmi-praktik konfransda rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səlimə Nəsirovanın akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə bağlı məruzəsi dinlənilib.
Məruzəçi çıxışında qeyd edib ki, görkəmli alim Zərifə Əliyevanın keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olub. Onun özündən sonra qoyduğu yol bu gün onun tələbələri, yaxınları tərəfindən layiqincə davam etdirilir.
Bildirilib ki, akademikin adını daşıyan Milli Oftalmologiya Mərkəzi bu gün qabaqcıl tibb müəssisəsi kimi dünya miqyasında tanınır. Bu Mərkəzdə elm sahəsində olduğu kimi, praktiki sahədə də Zərifə xanımın adına layiq böyük işlər həyata keçirilir.
Görkəmli akademikin adını daşıyan Milli Oftalmologiya Mərkəzi ölkəmizin cənub bölgəsində də geniş fəaliyyət göstərir.
Traxoma xəstəliyinin yayıldığı bir dövrdə Zərifə Əliyevanın cənub bölgəsinə dəfələrlə səfər edərək humanitar aksiyalar təşkil etməsi də minnətdarlıqla xatırlanıb.
Toplantıda çıxış edənlər tanınmış oftalmoloq-alim, akademik Zərifə Əliyevanın dünya durduqca yaşayan böyük şəxsiyyətinə, ölməz irsinə əbədiyyət arzulayıblar.
Çıxış edənlər akademik Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən danışaraq böyük alimin Azərbaycan xalqı qarşısında xidmətlərini yüksək dəyərləndiriblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB