Səbaillilər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər FOTOLAR

Səbaillilər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər FOTOLAR

YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyevin təşəbbüsü ilə Quba şəhərində yerləşən Quba Soyqırımı Memorial Kompleksinə ziyarət təşkil olunub. SİA-nın verdiyi məlumata görə, səfər YAP Səbail rayon təşkilatının və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Ziyarətdə YAP Səbail rayon təşkilatının, Səbail rayon İcra Hakimiyyətinin, YAP Gənclər Birliyi ofisinin aparat işçiləri və fəalları, rayon təşkilatının Qadınlar Şurasının üzvləri, rayonda fəaliyyət göstərən müəssisə və təşkilat nümayəndələri, Vətən müharibəsi və Qarabağ müharibəsi veteranları, partiya fəaliyyətində yaxından iştirak edən fəal gənclər daxil olmaqla ümumilikdə 45 nəfər partiya fəalı iştirak edib.

Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıqla tanışlıq zamanı ziyarətçilərə 31 Mart – Azərbaycanlıların Soyqırımı haqqında ətraflı məlumat verilib və ziyarətçilər erməni qəsbkarlarının azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əyani sübut edən tarixi sənədlər və foto şəkillərlə tanış olmaq imkanı əldə ediblər.

Məlum olduğu kimi, Quba soyqırımı məzarlığı 2007-ci ilin aprelin 1-ində bu ərazilərdə torpaq işləri aparılarkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırım ilə bağlı olduğu müəyyən edilib. Diqqətə çatdırılıb ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmışdır və kompleksin 2013-cü il sentyabrın 18-də açılışı olub.

Komplekslə, orada nümayiş olunan şəkillər, xəritələr, tarixi faktlar və sənədlərlə yaxın tanış olduqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar.

Memorial Kompleks ziyarətindən sonra partiya fəalları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini, Heydər Əliyevin adının əbədiləşdirilməsi və onun əvəzolunmaz xidmətlərinin təbliği və gənc nəsillərə çatdırılması üçün inşa olunmuş Heydər Əliyev Mərkəzini və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Quba Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.

Maraqlı keçən səfər boyu çoxlu xatirə şəkilləri çəkdirilib və bütün iştirakçılar səfərdən xoş təəssüratlarla ayrılıblar. Ziyarətin yüksək səviyyədə təşkilinə görə Quba şəhər İcra Hakimiyyətinə təşəkkür edən səfər iştirakçıları respublikamızın digər bölgələrinə də bu məzmunlu səfərlərin təşkil olunmasının vacibliyində həmfikir olduqlarını bildiriblər: "Ölkəmizdə yerləşən tarixi abidələrlə tanışlıq, Azərbaycanın gəzməli-görməli yerlərinin ziyarət olunması tariximizin və mədəni irsimizin daha yaxşı öyrənilməsi və gələcək nəsillərə çatdırılması üçün mühüm əhəmiyyət təşkil edir".

Səfərin sonunda isə Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin inzibati binası ziyarət olunub. Mərkəz barəsində geniş məlumat verilib və Ulu Öndərin 1998-ci ildə Quba şəhərinə səfəri barəsində və qubalılarla görüşündən foto şəkillər göstərilməklə yanaşı məlumatlar verilib.

Fikrimizcə, bu cür maarfiləndirici, maraqlı səfərlər nəinki gənclərin, eləcə də yaşlı nəslin nümayəndələrinin ürəyincədir.

Tədbir iştirakçıları YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyevə və Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizova bu cür gözəl tur təşkil etdiklərinə görə minnətdarlığını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə