Zorakı ekstremizmə qarşı tədbirlər planı təklif edildi

İsveç Krallığının təhsil naziri Gustav Fridolin Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında ölkəsinin zorakı ekstremizmə qarşı tədbirlər planının hazırlanmasının tərəfdarı olduğunu bəyan edib. SIA-nın məlumatına görə, İsveçin təhsil naziri deyib ki, inklüzivlik cəmiyyətlərin parçalanması yox, birləşməsini ehtiva edir.

Onun sözlərinə görə, daha çox terrorçuluğu yaradan səbəblərə diqqət yetirilməlidir: "İsveç BMT-nin Sivilizasiyalar Alyansının zorakı ekstremizmə qarşı mübarizəsini dəstəkləyir. İsveç zorakı ekstremizmə qarşı tədbirlər planının hazırlanmasının tərəfdarıdır".

Malayziyanın xarici işlər naziri Anifah Bin Aman qeyd edib ki, forumun məqsədi inklüziv cəmiyyətlərin qurulmasıdır, bunun üçün isə qarşılıqlı hörmət vacibdir: "Bütün xalqlar birgə addımlar atmalı, etimadı gücləndirməlidir. Anlamalıyıq ki, müxtəliflik ayrılıq rolu deyil, təkan, birləşmə rolu oynamalıdır. Təhsil cəmiyyətləri təcriddən xilas etməyə xidmət edən bir alətdir. Təəssüflər olsun ki, bu gün dünyada ekstremistlərin artan nüfuzuna şahid oluruq. Malayziya birgə güclü cəmiyyəti vacib sayır. İstəyirik ki, bütün dünyada yaşayan xalqlar dini və mədəni birliyə öz töhfəsini versin. Buna görə də alyans bu forumu keçirməyə qərar verib. Bu cür yanaşmalar ekstremizmin aradan qalxmasına şərait yaradır. Alyansın da məqsədi inklüziv cəmiyyətin qurulmasıdır. Biz bununla dini və zorakı ekstremizmə qarşı effektiv mübarizə apara bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə